İranın dağılması real görünmür
Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı, Hörmüz boğazında blokadanın dərinləşdiyi və Tehrana qarşı beynəlxalq təzyiqlərin kəskinləşdiyi bir vaxtda "İran parçalana bilərmi?" sualı yenidən gündəmin əsas mövzusuna çevrilib. Daxildə dərinləşən sosial-iqtisadi böhran və etnik regionlarda yüksələn gərginlik rejimin daxildən çökmə riskini daha da artırır.
Məsələ ilə bağlı politoloq Natiq Miri TodayPress TV-yə danışıb.

O qeyd edib ki, İsrail və Amerikanın İrana hərbi müdaxiləsi və bombardmanları zamanı gözlənilənlərin tam əksi baş verdi:
"Onlar hesab edirdilər ki, daxildəki narazı qüvvələr bu zərbələrdən istifadə edəcək, cəmiyyətdə kəskin parçalanma yaranacaq və zəifləmiş İran rejimini devirmək üçün xalq kütləvi şəkildə küçələrə axışacaq. Lakin hərbi müdaxilə və bombardmanlar zamanı yol verilən səhvlər, mülki obyektlərin, məktəblərin vurulması və şagirdlərin kütləvi şəkildə həlak olması cəmiyyəti parçalamaq əvəzinə birləşdirdi və rejimin daxildəki mövqelərini daha da gücləndirdi.
Bu baxımdan, İranın praktiki olaraq dağılması ssenarisi hələlik real görünmür. Çünki bunun üçün daha böyük quru qoşunlarının müdaxiləsi tələb olunur ki, bu da ABŞ üçün ciddi hərbi itkilər riski yaradır".
Analitik düşünür ki, belə bir parçalanma yalnız nəzəri olaraq mümkündür:
"Ssenari sosial baxımdan dəyərləndirilərsə, proses ilk növbədə rejimlə kəskin ziddiyyətdə olan kürd və bəluç bölgələrindən başlaya bilər. Çünki indiki rejimin bu etnik qrupların rəğbətini qazanacağını və ya onların rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atacağını gözləmək real görünmür.
Lakin cəmiyyətdə belə bir dağılma prosesi başlayarsa, Azərbaycan üçün ciddi potensial təhlükələr yarana bilər. İsrail tərəfindən kürdləri hərəkətə gətirmək üçün onlara işğal ediləcək ərazilər və neft-qaz resurslarının vəd edildiyi bildirilir. Buna bənzər prosesləri uzun müddət Suriyada da müşahidə etdik. Kürd qruplaşmalarının silahlanaraq üsyana qalxması Cənubi Azərbaycan ərazilərinin işğalı riski ilə yanaşı, Şimali Azərbaycana kütləvi soydaş axını və bunun yaratdığı humanitar böhran təhlükəsini də gündəmə gətirə bilər".
Onun sözlərinə görə, eyni potensial təhlükə Türkiyə üçün də keçərlidir:
"Buna görə Türkiyə prezidenti səviyyəsində Donald Trampa xəbərdarlıq edildiyi bildirilir. Suriya hadisələri xatırladılaraq vurğulanıb ki, kürd terror qruplaşmalarından alət kimi istifadə edilərək onların hərəkətə keçirilməsi halında Türkiyə ordusu prosesə müdaxilə edəcək. İddialara görə, məhz bu xəbərdarlıqdan sonra Tramp, hətta silahların artıq paylandığı bildirilən bu planı dayandırıb".
Analitik əlavə edib ki, hazırda qiymət artımı, yanacaq qıtlığı, maaş və təqaüdlərin ödənilməməsi kimi ağır sosial-iqtisadi problemlərə baxmayaraq, xalq küçələrə çıxmır və dövləti qoruma instinkti ilə rejimə qarşı kütləvi etiraz etmir. Daxili üsyan ssenarisinin tam real olmadığını görən Vaşinqton rəhbərliyi hazırda daha çox İranı iqtisadi baxımdan sıxışdırmaq və sosial narazılığı bu yolla artırmaq siyasətinə üstünlük verir.
Jalə Rövşən