İrandan sonra Azərbaycan və Türkiyəni nə gözləyir? – MÜSAHİBƏ – VİDEO
Təhlil
16.01.2026 17:54
“İranın məsələsi bitib. Artıq yalnız hansı formada bölünəcəyi müzakirə olunur. İran vahid dövlət kimi qala bilməz”.
Tarix üzrə fəlsəfə doktoru, Naxçıvanın sabiq millət vəkili Bünyamin Qəmbərli bunu TodayPress TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ortada kürd dövlətinin yaradılması məsələsi var:
“Bəziləri düşünür ki, İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi və ya başqa bir fiqur hakimiyyətə gələrsə, ölkəni bütöv saxlamaq mümkün olacaq. Bu, yanlışdır. Böyük Orta Doğu layihəsində dörd hissədən ibarət kürd dövlətinin yaradılması planı var. İraq artıq yaradılıb, Suriyanın formalaşdırılması prosesi gedir, indi növbə İrandır. İrandan sonra isə hədəf Türkiyə olacaq. Burada Türkiyənin bu gün oynayacağı rol onun gələcək taleyində həlledici əhəmiyyət daşıyır. Türkiyə düzgün qərar verərsə, parçalanmadan xilas ola bilər. Əgər kürd dövlətinin qurulması planı varsa, bunun üçün İrandakı kürd bölgəsi qoparılmalıdır. Belə olan halda isə bir regionu qoparıb digərini saxlamaq mümkün olmayacaq”.
Ekspert Məhsa Əmininin qətli ilə başlayan etirazları xatırladıb:
“2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşları, əslində, qadın azadlığı məsələsi deyildi. Bu, illər boyu yığılan qəzəbin püskürməsi idi. Orada hər gün qadınlar öldürülür. Bu qəzəb öz nəticəsini rejim dəyişikliyi ilə deyil, İranın parçalanması ilə verəcək”.
B.Qəmbərli Azərbaycanın bu proseslərdəki rolundan bəhs edib:
“Amerikalı ekspert Lyuk Koffi Azərbaycan bayrağı ilə “Hazır olun” paylaşımını etdi. Bu, məhz proseslərlə bağlıdır. Ən böyük proses isə Azərbaycanda baş verəcək. İranın əsarətində olan altı ostan var: Şərqi Azərbaycan ostanı (mərkəzi Təbriz), Qərbi Azərbaycan ostanı (mərkəzi Urmiya), Ərdəbil ostanı, Zəncan ostanı, Həmədan ostanı və Qəzvin ostanı. Əgər ABŞ hərbi müdaxilə etsə, və ya rejim özü kütləvi qətliamlar törətsə, oradan çox sayda insan qaçacaq. Biz buna hazır olmalıyıq. Yaxud Qərbi Azərbaycan ostanına qarşı kürd separatizmi iddiası irəli sürülə bilər ki, buna da həm Azərbaycan, həm də Türkiyə hazır olmalıdır”.
Güneydəki soydaşlarımızın etirazların ilk günündə fəal qoşulmamasının səbəbini izah edən ekspert bildirib ki, onlar fəal qoşulmanın Rza Pəhləvinin hakimiyyətə gətirilməsi ehtimalını artıracağını düşünüblər. Ekspertin fikrincə, bu, ciddi yanılma idi. Soydaşlarımız artıq həm buna hazırdırlar, həm də bu prosesə qoşulacaqlar.
B.Qəmbərli ABŞ və İsrailin birbaşa hərbi müdaxiləsini isə qətiyyən qəbul etmir, çünki onlar bunu öz maraqları naminə edəcəklər.
Siyasətçi İrandakı rejimin son dərəcə qəddar olduğunu bildirib:
“Təsəvvür edin ki, ölənlərin neçəsi uşaqdır. Edam ediləcək şəxs qızdırsa, onun qadına çevrilməsini gözləyirlər ki, cənnətə gedə bilməsin. Bu, Allahın işinə qarışmaqdır. Kiminsə cənnətə gedib-getməyəcəyinə Allah yox, Xamenei və ya İran rejimi qərar verir. Bunun üçün nə qədər Allahsız olmaq lazımdır?”
Son olaraq ekpsert bildirib ki, ABŞ və İsrail müdaxilə etsə, İranın parçalanması prosesi çox sürətlə gedəcək. O, ABŞ-nin birbaşa hərbi hücum edəcəyini düşünmür. Çünki bu halda İran əhalisini birləşdirmək ehtimalı yaranar. Tarix göstərir ki, bütün imperiyalar təhlükə ilə üzləşəndə xarici düşmən obrazı yaradır və əhali dövlətin ətrafında birləşir.
“Düşünürəm ki, ABŞ və İsrail bu prosesi daxildəki kəşfiyyat şəbəkələri vasitəsilə aparacaq. Əminəm ki, ABŞ müdaxilə edəcək, amma bunun hansı formada olacağı ABŞ beyin mərkəzlərində hələ də müzakirə mövzusudur”, - Bünyamin Qəmbərli fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Bünyamin Qəmbərli,Tarix üzrə fəlsəfə doktoru,İran,Parçalanma,Todaypress.tv,
