İrandan qonşulara açıq təhdid: "Müharibə sərhədləri aşacaq!"

Təhlil

24.01.2026 11:26

“Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır.”

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb. 


O, İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin Bakı səfərinə diqqət çəkib: 

“İranlı nazir jurnalistlər vasitəsilə Tehranın mesajlarını çatdırmaq istəyib. “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq”– bu, iranlı diplomatın səsləndirdiyi əsas mesaj olub. İran rəsmiləri hər zaman bildirirlər ki, ABŞ İrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına cavab zərbələri endirəcək”.

Analitik vurğulayıb ki, diplomatın açıqlaması qonşu ölkələr üçün açıq təhdiddir:

“ABŞ-nin Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. Ancaq iranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq. Bu açıq-aşkar təhdiddir”.

E. Şahinoğlu bildirib ki, məsələ ilə bağlı yekun qərarın Vaşinqtonun iradəsindən asılı olduğu qeyd olunub:

“İranlı diplomat bundan sonra “bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə barədə ABŞ rəhbərliyini xəbərdar etdiyini” qeyd edib. ABŞ Prezidenti Donald Trampı İrana zərbə vurmaqdan çəkindirməyə çalışan dörd dövlət – Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman olub. Ancaq Donald Tramp bu haqda suala cavab verərkən, İrana zərbə endirməmək qərarını öz mülahizələrinə görə ertələdiyini deyib”. 

Politoloqun qənaətincə, təhlükə hələ də qalmaqdadır: 

“İranlı diplomat bölgə ölkələrinin ABŞ Prezidentinin qərarına təsir göstərdiyini və bu amilin müharibə təhlükəsini azaltdığını vurğulasa da, Ağ Ev sahibinin təlimatı ilə Amerikanın bir neçə hərbi gəmisi İran sahillərinə yaxınlaşıb. Yəni İranla bağlı təhlükə hələ də sovuşmayıb”.

Qeyd edək ki, Yanvarın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib. Görüş zamanı, ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.

Jalə Rövşən

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,İran,Təhdid,Todaypress.tv,