Türkiyə meşə yanğınlarına qarşı PUA-lar istehsal edəcək

Türkiyə meşə yanğınlarına qarşı PUA-lar istehsal edəcək
06.11.2026 13:58 Dünya

Türkiyə müdafiə sənayesi meşə yanğınlarına havadan birbaşa müdaxilə edə bilən, su atmaq qabiliyyətinə malik pilotsuz uçuş aparatlarının (İHA) hazırlanması istiqamətində işlərə başlayıb.

TodayPress TV xəbər verir ki,  Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bu barədə İstanbulda jurnalistlərlə görüşündə bildirib.

Nazirin sözlərinə görə,  layihə Müdafiə Sənayesi ilə birgə həyata keçiriləcək.  Hazırda İHA-lardan meşə yanğınlarının aşkarlanması və izlənməsi üçün istifadə olunur. Yeni layihənin məqsədi isə yanğınlara birbaşa havadan müdaxilə edə bilən və su ata bilən pilotsuz uçuş aparatları hazırlamaqdır.

Yumaklı bildirib ki, bu texnologiya hələ dünyada geniş tətbiq olunmur. O, Çin istehsalı olan bəzi oxşar sistemlərin mövcudluğunu qeyd etsə də, onların əsasən düzənlik və əlçatan ərazilərdə istifadə edildiyini vurğulayıb.

Nazir Baykar şirkətinə də təşəkkür edərək, Bayraktar TB2 İHA-larının Türkiyədə yanğınların aşkarlanmasında istifadə edildiyini və şirkətin texniki məsələlərdə dəstək göstərdiyini bildirib.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İdarəsi oktyabrın 15-də də İHA-lara inteqrasiya ediləcək yanğınsöndürmə sistemləri ilə bağlı rəsmi məlumat sorğusu yayımlayıb. Sənəddə meşə və açıq ərazilərdəki yanğınların söndürülməsi üçün mövcud İHA-lara xüsusi avadanlıqların inteqrasiyası nəzərdə tutulur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər