Türkiyə Türkmənistan qazının idxalını dayandırıb

Türkiyə Türkmənistan qazının idxalını dayandırıb
06.11.2026 14:22 Dünya

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, sanksiyalarla bağlı narahatlıqlar Ankaranın İran infrastrukturu vasitəsilə qaz tədarükünü bərpa etməsinə mane olub.

TodayPress TV  “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, Bayraktar cümə axşamı jurnalistlərlə görüşü zamanı ABŞ-nin təzyiqləri səbəbindən Türkiyənin İran üzərindən Türkmənistan qazının idxalını dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.

Ankara 2025-ci ilin martında İranın qaz nəqli infrastrukturundan istifadə etməklə ildə 1,3 milyard kubmetr qaz almağı nəzərdə tutan razılaşma çərçivəsində Türkmənistandan tədarükə başlayıb.

Türkiyənin qaz idxalçısı olan “BOTAŞ”ın bu razılaşma üzrə idxal lisenziyası 2033-cü ilədək qüvvədə olub.

2025-ci ilin oktyabrında Aşqabad qaz tədarükünü dayandırıb. Həmin vaxt Türkmənistan tərəfi iki ölkə arasında qısamüddətli müqavilənin olduğunu, qazın həcmi və qiyməti ilə bağlı razılıq əldə edilmədiyi üçün Ankaraya tədarükün mümkün olmadığını bildirib.

Bu ilin əvvəlində Bayraktar İran üzərindən Türkmənistan qazının idxalının bərpa ediləcəyini açıqlasa da, bu planlar reallaşmayıb.

Nazir indi tədarükün bərpasına mane olan əsas səbəbin ABŞ-İran müharibəsi və Vaşinqtonun sanksiya siyasəti olduğunu açıqlayıb.

“Biz bunu dayandırdıq, çünki ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu məsələyə müəyyən şəkildə müdaxilə edirdi. İrana heç bir ödəniş etməməyimizə baxmayaraq, İranla ABŞ arasındakı vəziyyət gərginləşdi”, – deyə Bayraktar bildirib.

Bayraktar qeyd edib ki, Türkiyənin Trans-Anadolu Qaz Boru Kəmərində (TANAP) əlavə ötürmə imkanları mövcuddur və ölkə Avropaya ixrac etdiyi qazın həcmini asanlıqla iki dəfə artıra bilər.

Məlumata görə, Türkiyənin İranla mövcud qaz müqavilələrinin müddəti noyabr ayında başa çatır. Ankaranın həmin müqavilələri yeniləməyə hazır olub-olmadığı isə hələlik bəlli deyil.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər