İrana nüvə zərbəsi: Radiasiya sərhlədlərimizə qədər çata bilər?
ABŞ-nin İrana mümkün nüvə zərbəsi endirəcəyi ilə bağlı müzakirələr fonunda İraqda radioaktiv tullantıların sərhədi keçərək çayları, torpağı və su ehtiyatlarını çirkləndirə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.
İraqlı təhlükəsizlik eksperti Əhməd əl-Şərifi bildirib ki, İranın nüvə obyektlərinə zərbə endiriləcəyi təqdirdə radioaktiv maddələr küləklər vasitəsilə İraqa çata, su və torpaq ehtiyatlarını çirkləndirə bilər.
Narahatlıqlar İran dövlət televiziyasının nüvə partlayışı ehtimalına qarşı əhaliyə qorunma qaydaları ilə bağlı təlimat yaymasından sonra artıb.
ABŞ Prezidenti Donald Tramp isə şənbə günü İranın bir və ya iki obyektinin, o cümlədən Natanz yaxınlığındakı “Pickaxe Mountain” obyektinin hədəfə alınmasının vacibliyini bildirib.
Bununla belə, İraqın Nüvə Tənzimləmə Komissiyası mümkün təhlükənin yüksək olmadığını düşünür. Qurumun sözçüsü Əhməd Xudeyr Kazım obyektlərin İraq sərhədindən təxminən 700 kilometr uzaqda yerləşdiyini, dağlıq relyefin və mövsümi küləklərin radioaktiv maddələrin ölkəyə yayılmasını məhdudlaşdıra biləcəyini deyib.
Qeyd edək ki, 2025-ci ilin iyununda ABŞ və İsrail İranın Natanz, Fordo və İsfahan nüvə obyektlərinə zərbələr endirmişdi. BAEA həmin vaxt obyektlərin xaricində radiasiya səviyyəsinin artmadığını bildirmişdi. Agentliyin rəhbəri Rafael Qrossi isə Buşəhr Atom Elektrik Stansiyasına hücumun bütün region üçün ciddi radioaktiv çirklənmə təhlükəsi yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.
İran məsələləri üzrə tədqiqatçı Saleh əl-Qəzvini də mümkün nüvə hücumunun nəticələrinin yalnız İranla məhdudlaşmayacağını, bütün region üçün təhlükə yaradacağını vurğulayıb.
Zəhra Məmmədov