Azərbaycanın 5 minillik dövlətçilik tarixi - “Güzgüdən keçən tarix” romanı nəşr olundu
Azərbaycanın 5 minillik dövlətçilik tarixinə həsr olunan 764 səhifəlik “Güzgüdən keçən tarix” adlı tarixi roman nəşr olunub.
TodayPress TV xəbər verir ki, tədqiqatçı alim Zaur Əliyev və tədqiqatçı Məhbubə Cəfərin həmmüəllifi olduğu kitab Azərbaycanın qədim tarixini, dövlətçilik ənənələrini, görkəmli şəxsiyyətlərini və mədəni irsini bədii dillə təqdim edir.
Kitabın baş məsləhətçisi təqaüddə olan hakim İsmayıl Abdurəhmanlı, redaktoru isə Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Pərviz Ağalarovdur.
Romanda Azərbaycanın qədim tarixi arealına daxil olan Qobustan, Gəmiqaya, Əshabi-Kəhf, Əlincə qalası və Azıx mağarası ilə bağlı mövzular, avtoxton türk damğaları, qədim daş kitabələr, piktoqrafik və mixi yazı sistemləri, eləcə də neolit dövründən formalaşan dövlətçilik simvolları işıqlandırılır.
Əsərdə Zərdüştün fəlsəfəsi, “Avesta”nın ilkin qatları, qədim metafizik düşüncələr və böyük fatehlərin dünya tarixindəki rolu da bədii formada təqdim olunur. Massaget hökmdarı Tomrisin Kirə qarşı mübarizəsi, Albaniya knyazı Cavanşirin diplomatik fəaliyyəti, Babək, Əbu Müslüm Xorasani, Cavidan ibn Sührək, Bəhmənyar, Şihabəddin Sührəvərdi, Şəms Təbrizi, Nəsirəddin Tusi və Mahmud Şirvani kimi tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti təhlil edilir.
Romanın əhatə etdiyi tarixi dövrlər sırasında Sacilər, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətlərinin idarəçilik ənənələri də yer alır. Sacoğlu Yusif, Mərzban ibn Məhəmməd, Şeyx I İbrahim Dərbəndi, Cahanşah Həqiqi, Həsən padşah, Şah İsmayıl Xətai və Şah I Təhmasibin fəaliyyəti əsərdə canlandırılır.
Kitabın diqqətçəkən istiqamətlərindən biri də Azərbaycan tarixində mühüm rol oynamış qadın şəxsiyyətlərə həsr olunub. Şağab xatun, Sara xatun, Əleykə Könüldaş xatun, Xatun Can bəyim, Məhdi Ülya və Pərixan Sultanın dövlət idarəçiliyindəki fəaliyyəti geniş təsvir edilir.
Bununla yanaşı, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Sadıq bəy Sadiqi, Qurbani və Molla Pənah Vaqif kimi ədəbiyyat və sənət nümayəndələrinin, həmçinin Cavad xan Ziyadoğlu Qacar, Hacı Çələbi xan, Nadir şah, Ağa Məhəmməd şah Qacar, Fətəli şah Qacar və Abbas Mirzənin həyat və fəaliyyəti barədə məlumatlar yer alır.
Əsərdə Şərq fəlsəfəsi, irfan məktəbi, riyazi və kosmik şifrələr, qədim tibb elmi, alimlərin və filosofların irsi də araşdırılır. Müəlliflər Azərbaycan tarixində indiyədək geniş tanınmayan şəxsiyyətlərin həyatını və fəaliyyətini də oxuculara təqdim etməyə çalışıblar.
“Öz güzgüsü olmayan millət başqalarının ona biçdiyi obrazda yaşamağa məhkumdur” ideyası üzərində qurulan roman oxucuya Azərbaycanın beş minillik tarixinə bədii səyahət və kino ssenarisini xatırladan təsvir üslubu vəd edir.


Jalə Rövşən