İran düyünü və Pəhləvi kartı: ABŞ hansı oyunu oynayır?
Təhlil
14.01.2026 15:07
“Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın son şahının oğlu və İran müxalifətinin lideri Rza Pəhləvi ilə gizli görüş keçirib.

ABŞ-nin yüksək vəzifəli rəsmisi görüşün ötən həftə sonu baş tutduğunu bildirib. Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli görüşdür.
"Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır", - “Axios” yazır.
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, belə bir görüşün baş tutduğu rəsmi şəkildə təsdiqlənməsə də, İranda baş verən kütləvi etirazlar və ABŞ administrasiyasının bu proseslərə reaksiyası fonunda bu ehtimal tamamilə mümkün görünür:

“İranda dəyişikliklər istəyən ABŞ üçün kütləyə bu və ya digər formada təsir göstərə biləcək şəxslərlə görüşlər, təbii ki, maraq doğurur”.
Ekspert xatırladıb ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Rza Pəhləvi ilə görüşünün keçiriləcəyi barədə məlumatlar yayılmışdı. Lakin Tramp faktiki olaraq bu görüşdən imtina edərək, İranda hansı liderlərin meydana çıxacağını müşahidə etmək istədiyini açıqladı:
“Bu yanaşma təbiidir, çünki ABŞ-nin əsas məqsədi strateji müşahidə aparmaq və mümkün keçid lideri ssenarilərini qiymətləndirməkdir”.
R.Bayramovun sözlərinə görə, Rza Pəhləvi siması ABŞ üçün potensial “keçid lideri” kimi maraqlı olsa da, İran daxilindəki etnik və sosial reallıqları nəzərə almadan belə bir dəstək ciddi risklər yarada bilər:
“Ölkədə yaşayan 40 milyona yaxın Azərbaycan türkü, eləcə də kürdlər, ərəblər və bəlluclar mövcuddur. ABŞ yaxşı bilir ki, Rza Pəhləvinin açıq şəkildə dəstəklənməsi etirazçıların böyük bir hissəsini rejim əleyhinə aksiyalardan çəkindirə bilər. Cənubdakı soydaşlarımız Pəhləvilər dövründə Azərbaycan türklərinə qarşı edilmiş haqsızlıqları, təqib və təzyiqləri unutmayıblar”.
Politoloq qeyd edib ki, əgər belə bir görüş baş tutubsa, onun rəsmi şəkildə açıqlanmaması da məhz bu həssas məqamlarla bağlıdır:
“Bununla belə, görüşün keçirilməsi ehtimalı mövcuddur. Ağ Ev administrasiyası hazırda müxtəlif ssenariləri izləyir, potensial liderlərin legitimliyini və etirazların dinamikasını qiymətləndirir”.
Ekspertin fikrincə, gizli görüş ehtimalı ilə Trampın son açıqlamaları bir-biri ilə uzlaşır:

“ABŞ bir tərəfdən müdaxilə edəcəyinə dair bəyanatlar verərək etirazçıları ruhlandırır, digər tərəfdən isə potensial liderlərin imkanlarını ölçür. Bu yanaşma İran rejiminə psixoloji və diplomatik təzyiq yaradır, ABŞ-yə isə siyasi ssenariləri sınaqdan keçirmək imkanı verir”.
R.Bayramov vurğulayıb ki, ABŞ-nin strateji yanaşması yalnız sanksiyalar və iqtisadi təzyiqlərlə məhdudlaşmır, eyni zamanda regional və etnik balansın diqqətlə hesablanmasına əsaslanır:
“Bu baxımdan, Pəhləvi ilə görüş ehtimalı və bu görüşün verdiyi mesaj daha çox strateji müşahidə və planlaşdırma xarakteri daşıyır”.
Qiymət Mahir
tag: Rəşad Bayramov,Politoloq,İran,ABŞ,Pəhləvi,Todaypress.tv,
