Hücum niyə baş tutmadı? - "B planı" işə düşür…
Təhlil
24.01.2026 13:00
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsrail–İran gərginliyinin təhlükəli həddə çatdığını, İsrailin İrana hücum ehtimalının isə artıq real olduğunu bildirib.
Bəs belə bir ehtimal varsa, bu, nə zaman baş verə bilər?
Mövzunu politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib.

"Hücum ehtimalı yüksəkdir, çünki ABŞ prezidenti və hərbi komandanlığı bölgəyə iri aviadaşıyan gəmilər, esmineslər və digər hərbi vasitələr göndərib. Bu qüvvələr hazırda Fars körfəzi, Qırmızı dəniz və Aralıq dənizində mövqelənib. Hazırlıqlar Donald Trampın “Sülh Şurası” təşəbbüsü ilə üst-üstə düşmür; bu təşəbbüs ya BMT-nin analoqu kimi bir təsisat yaratmaq, ya da NATO funksiyalarını əvəzləyəcək bir qurum formalaşdırmaq məqsədi daşıyır. Tramp “sülh carçısıyam” desə də, İranla bağlı hazırlıqlar buna ziddir".
Onun sözlərinə görə, İsrailin adı burada əsasən kəşfiyyat fəaliyyəti ilə hallanır. İranda baş verən iğtişaşlarda çoxsaylı qurbanlar olub: hüquq-mühafizə orqanları, ordunun nümayəndələri və sadə insanlar. Bu proseslərdə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi, İsrail Mossadı, İngiltərənin MI6, həmçinin İordaniya, Qətər, Bəhreyn və digər ölkələrin kəşfiyyat strukturları iştirak edib.
Analitik qeyd edib ki, İsrailin İrana hücum planı İranın maneələri səbəbindən baş tutmayıb:
"Məqsəd əsasən kürd yaraqlılarından və digər qruplardan istifadə edərək iğtişaşları həm dinc etirazçılara, həm də hüquq-mühafizə orqanlarına qarşı yönəltmək idi. Beləliklə, Amerika və İsrailin hərbi təyyarələri İrana zərbə endirməli idi. Lakin İran “Starlink” şəbəkəsini bağladı və iğtişaşçıları tədricən tərksilah etdi, nəticədə İsrailin planı uğursuz oldu. Netanyahu Trampa müraciət edərək hücumdan çəkindi, çünki İsrail İranla qarşıdurmada öz potensialını bərabər səviyyədə istifadə edə bilməzdi".
T.Abbasov vurğulayıb ki, İndi “B planı” işə düşüb:
“Beş Göz” kəşfiyyat alyansı ilə birlikdə yeddi ölkənin parçalanması planı üzərində işlənir və İrandan biri də həmin hədəflər arasındadır. İsrail dövləti öz dövlət terrorunu istifadə edərək, həmçinin digər ölkələrə təcavüz yolu ilə regionda təsirini artırır. İranda alimlərin və siyasi fiqurların hədəf alınması, Livan və digər ölkələrdə hərbi əməliyyatlar vətəndaş tələfatına səbəb olur".
Ekspertin qənaətincə, dünya ictimaiyyəti bu proseslərdə ciddi şəkildə dezinformasiya vasitəsilə yönləndirilir. İranın iqtisadi və sosial vəziyyəti qərəzli şəkildə mənfi göstərilir, halbuki İsrailin iqtisadiyyatı ciddi böhran içindədir. ABŞ-dəki xristian-sionist və radikal qruplar İran xalqına təzyiq göstərir.
Politoloq bildirib ki, tarixi kontekstdə də vəziyyət fərqlidir:
"1953-cü ildə ABŞ və İngiltərə Müsəddiq hökumətini devirmiş, sonra 1979-cu ildə Xomeyni vasitəsilə ABŞ və İsraili İrandan kənarlaşdırmışdı. Yeni İran hökuməti isə, Xomeyninin prinsiplərinə uyğun olaraq, istibdada dözən və haqları pozulan xalqlara dəstək verib".
Şərhçi sonda əlavə edib ki, hazırda ABŞ həm “sülh” bəyanatı verir, həm də İran xalqına qarşı hərbi hazırlıq aparır ki, bu, ciddi fəlakət riskini artırır. Dünya müharibəsinin başlanğıcı ehtimalı realdır, çünki güc mərkəzləri qarşıdurmaya qoşula bilər. İranın arxasında Çin və Rusiya dayanır və onlar fəaliyyətsiz qalsalar, Qərb dünya sistemini birqütblü məkana çevirməyə çalışacaq.
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,İsrail,İran,Hücum,Todaypress.tv,
