Hakan Fidandan "İran" xəbərdarlığı: Ssenari təkrarlanacaq?

Təhlil

26.01.2026 18:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda baş verənlərin rejim dəyişikliyinə səbəb olacağına inanmadığını deyib. Fidan, həmçinin ABŞ-ni İranı Venesuelaya çevirməməyə çağırıb: “Mən amerikalı dostlarıma bunu etməməyi məsləhət görərdim”. 

Maraqlıdır,  bu fonda Türkiyənin İrana, ABŞ-nin regional siyasətinə və İran daxilində baş verən etirazlara yanaşmasını necə şərh etmək olar? Bu münasibət Türkiyənin geosiyasi maraqlarına hansı təsiri göstərə bilər? 


Məsələ ilə bağlı TodayPress TV-yə danışan  politoloq Əli Mustafa bildirib ki, bu mövqe Türkiyənin strateji tərəfdaşlıq və regional məsuliyyətindən qaynaqlanır: 

"Türkiyənin belə bir mövqe sərgiləməsi başadüşüləndir. Türkiyə Amerikanın NATO üzrə tərəfdaşıdır, eyni zamanda İranla qonşudur. İranda milyonlarla soydaşımız yaşayır, yəni 50 milyondan çox türk var və Türkiyə, təbii ki, İran türklərini müdafiə etmək, onlara dəstək olmaq məsuliyyətini də anlayır və qəbul edir".

Analitik qeyd edib ki, mövqe risklərin azaldılması və diplomatik həllə üstünlük verilməsi məqsədi daşıyır:

"Digər tərəfdən bilirik ki, Səudiyyə Ərəbistanında, Qətərdə və Türkiyədə Amerikanın hərbi bazaları var və İran da bəyan edib ki, əgər ABŞ hücum edərsə, o da bu bazaları hədəfə ala bilər. Yəqin ki, İranın bu cür özbaşınalıqlarından müəyyən mənada qorunmaq üçün də belə bir mövqe sərgilənir. Yəni ən azı İran tərəfinə mesaj verilir ki, biz bu hücumu dəstəkləmirik və sabah sən istədiyini etmə. Türkiyə hesab edir ki, məsələni danışıqlar yolu ilə həll etmək mümkündür və diplomatiyanın önə çəkilməsini istəyir".

Ə.Mustafa əlavə edib ki, İranın rejim dəyişikliyi  daxili dəstəyin zəifləməsindən asılıdır: 

"Amma aydın məsələdir ki, İranla bağlı artıq Amerikanın, İsrailin və digər NATO tərəfdaşlarının müəyyən qərarları var. Böyük ehtimalla Türkiyənin bu çağırışları İranı xilas etməyəcək. Amerikanın İrana hücum etməsi və müharibə açması rejimin dəyişib-dəyişməyəcəyi məsələsini gündəmə gətirir ki, bu da mübahisəlidir. Bu, ABŞ-nin aparacağı əməliyyatların nə dərəcədə uğurlu olmasından asılı olacaq. Əgər bu əməliyyatlar uğurlu olarsa, məncə, rejim dəyişə bilər. Çünki rejimin daxili dəstəyinin ciddi şəkildə zəiflədiyini bilirik. Xüsusən baş verən qətliamlardan sonra xalqın böyük bir hissəsinin artıq rejimin arxasında durmayacağı aydındır. Amma istisna deyil ki, rejim də özünü qorumaq üçün əlindən gələn hər şeyi edəcək. Hər halda Hakan Fidan kifayət qədər məlumatlı bir şəxsdir və yəqin ki, belə bir fikir söyləmək üçün əsasları var".

Ekspert hesab edir ki, Türkiyə  maraqlarına zidd yeni hakimiyyətə qarşıdır: 

"Mən düşünürəm ki, Amerika israrlı olarsa və İran xalqı da bunu dəstəkləyərsə, böyük ehtimalla rejim dəyişəcək. Amma bütün hallarda Türkiyə İranın parçalanmasında maraqlı deyil və Türkiyənin maraqlarına zidd olan yeni bir hakimiyyətin formalaşmasında da maraqlı deyil. Mövcud İran hakimiyyəti ilə Türkiyə müəyyən məsələlərdə anlaşa, uzlaşa bilir. Lakin bu rejim bütövlükdə türk millətinin maraqlarına xidmət edən bir rejim deyil".

Politoloq sonda vurğulayıb ki, Türkiyənin mövqeyi təhlükəsizlik və maraqları qorumağa yönəlib: 

"Bütün hallarda diplomatiyanın önə çəkilməsi və Türkiyənin rəsmi nümayəndələrinin belə mövqe sərgiləməsi tamamilə normaldır. İranda baş verən hadisələr Türkiyənin təhlükəsizliyi üçün də müəyyən təhdidlər yarada bilər: humanitar risklər, köç dalğaları və digər problemlər ortaya çıxa bilər. Rejim son anda hansı addımları atacaq, hansı istiqamətlərə hücum edəcək – bu risklər də mövcuddur. Ona görə də düşünürəm ki, Türkiyənin bu mövqeyi doğrudur. Bu, həm Türkiyənin öz təhlükəsizliyi baxımından, həm İranda yaşayan türklərin maraqları baxımından, həm də ümumilikdə dövlət maraqları baxımından doğru mövqedir. Türkiyə dövləti nəyi lazım bilirsə, türk rəsmiləri də məhz həmin mövqeni sərgiləyir". 

Jalə Rövşən

TodayPress TV

tag: Türkiyə ,Hakan Fidan ,İran ,ABŞ,Todaypress.tv,