“Güclü lider”, “iş görən fiqur” — Putin “Sülh Şurası”na niyə çağırıldı?

Təhlil

22.01.2026 13:40

“Sülh Şurası” təşəbbüsü ətrafında geniş müzakirələr aparılır. Əsas müzakirə yaradan məsələlərdən biri də Rusiya Prezidenti Vladimir Putinin bu Şuraya  dəvət almasıdır. 


ABŞ Prezidenti Donald Tramp bu müzakiərlərin fonunda bildirib ki, Putin “güclü lider” və “iş görən fiqur” kimi burada bir sıra işlər görə bilər.   

Maraqlıdır, Putinin “Sülh Şurası”na dəvət edilməsi Rusiyanın beynəlxalq təcriddən mərhələli şəkildə çıxarılması kimi qiymətləndirilə bilər?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ Prezidenti Donald Trampın son addımları faktiki olaraq Rusiyanın maraqlarına tam şəkildə cavab verir və bu proses xüsusilə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı aparılan sülh müzakirələrində açıq şəkildə özünü göstərir:


“ABŞ-nin Ukrayna müharibəsinin dayandırılması üzrə sülh prosesində getdikcə Rusiya ilə yaxınlaşması, Kremlin normativləri əsasında şərtlər və təkliflər irəli sürməsi Moskva üçün strateji əhəmiyyət daşıyır. Tramp faktiki olaraq həm Rusiya lideri Vladimir Putini, həm də Rusiyanı qlobal təcrid prosesindən uzaqlaşdırmağa başlayıb. Bu da Rusiyaya daha özünə əmin şəkildə hərəkət etmək imkanı yaradıb”.

Politoloqun sözlərinə görə, Trampın bu yanaşması Ukrayna xalqının gələcək taleyi baxımından son dərəcə mənfi nəticələr doğurur:

“Bu gün Tramp Ukrayna xalqının gələcək taleyində ən neqativ rol oynayan qlobal liderlərdən biri kimi çıxış edir. Onun Ukrayna üzərindəki mənfi təsiri Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xalqına vurduğu zərərlə demək olar ki, paralellik təşkil edir. Ukraynanı dağıdan Rusiyanın prezidentinin başqa bir regionda sülh yaratma prosesinə cəlb edilməsi isə tamamilə absurd və məntiqsiz yanaşmadır”.

Elçin Xalidbəyli vurğulayıb ki, sülh prosesləri yalnız həqiqətən sülhdə maraqlı olan və qlobal sabitliyi prioritet kimi qəbul edən dövlətlər tərəfindən formalaşdırıla bilər:

“Rusiya kimi qlobal təhlükə mənbəyi olan bir dövlətin lideri yalnız öz milli maraqlarından çıxış edə bilər. Belə bir liderin real sülh yaratmaq istiqamətində ciddi və səmimi addımlar atması mümkün deyil”.

Analitik Trampın BMT-nin səlahiyyətlərini əvəzləmək iddiası ilə bağlı yanaşmasını da tənqid edib:


“BMT-nin görməli olduğu işi yerinə yetirəcəyi ilə bağlı Trampın iddiaları absurddur. Çünki Fələstin probleminin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qərarların icrasına əngəl törədən əsas dövlətlərdən biri elə ABŞ-nin özüdür. BMT-nin qətnamələrinə əsasən, Fələstin problemi iki dövlət prinsipi üzrə həll edilməlidir. İsrail dövləti mövcud olduğu kimi, Fələstin dövləti də yaradılmalı və qlobal səviyyədə tanınmalıdır”.

Politoloqun fikrincə, İsrailin ən yaxın müttəfiqi olan ABŞ bu prinsiplərin reallaşmasına faktiki olaraq mane olur:


“ABŞ Fələstin böhranının iki dövlət prinsipi əsasında həllinə əngəl törədir və problemin ən ədalətli həll yolunun qarşısını kəsir. Bu baxımdan Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın Qəzza və ümumilikdə Fələstin problemini hansı prinsiplər əsasında nizamlamaq niyyətində olduğu tamamilə qeyri-müəyyəndir və hətta müəmmalı xarakter daşıyır”.

Elçin Xalidbəyli qeyd edib ki, Sülh Şurası hazırda nəticəsi bəlli olmayan bir qurum təsiri bağışlayır və onu BMT ilə müqayisə etmək düzgün deyil:

“BMT beynəlxalq hüquq normalarına əsaslanan, strukturlaşmış və qlobal nüfuza malik bir təşkilatdır. “Sülh Şurası” isə yalnız Trampın şəxsi təşəbbüsü ilə formalaşdırılan, strukturlaşma perspektivi belə sual altında olan bir təsisatdır. Bəzi Avropa ölkələrinin bu qurumda iştirakdan imtina etməsi də onun gələcəyini şübhə altına alır. Xüsusilə Fransa və Danimarka kimi ölkələrin “Sülh Şurası”nın tərkibində yer almaqdan imtina etməsi göstərir ki, ABŞ–Avropa Birliyi arasında mövcud olan kəskin ziddiyyətlər bu qurumun effektiv fəaliyyətinə ciddi maneələr yarada bilər”.

Sonda politoloq vurğulayıb ki, mövcud şəraitdə Sülh Şurası ən çox Rusiyanın maraqlarına xidmət edib:

“Rusiya və onun prezidenti Tramp tərəfindən faktiki olaraq növbəti dəfə qlobal təcrid vəziyyətindən çıxarılmaq imkanı qazanıb. Eyni zamanda bu qurum Trampın Qrenlandiya və Kanadanı ABŞ-nin tərkibinə daxil etmək kimi iddiaları fonunda onun özünə “sülhpərvər lider” imici formalaşdırmasına xidmət edir. Beləliklə, Tramp bir tərəfdən qlobal müharibə təhlükəsi yaradan addımlar atır, digər tərəfdən isə özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışır”.

Qiymət Mahir

TodayPress TV

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Putin,Todaypress.tv,