Gideon Saarın Bakı səfəri: Azərbaycan-İsrail əməkdaşlığı güclənir

Təhlil

26.01.2026 13:19

“Azərbaycan və İsrail arasındakı əməkdaşlıq özünəməxsus unikal münasibətlərdir və qarşılıqlı etimada, tarixi təcrübəyə və real rasional siyasətə söykənir”. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşünü TodayPress TV-yə şərh edərkən bildirib. 


Onun sözlərinə görə, bu münasibətlər hər iki tərəf üçün faydalı olmaqla yanaşı, qarşılıqlı inkişafa şərait yaradır və xalqlar arasındakı dostluq bağlarını yeni müstəviyə daşıyır.  

Parlamentari vurğulayıb ki, hazırda ölkələr arasında münasibətlərin bir neçə istiqamətdə dərinləşdirilməsi xüsusi məqsəd kimi müəyyənləşdirilib:  

“Bu sahələrə kənd təsərrüfatının inkişafı, innovativ texnologiyaların Azərbaycana gətirilməsi, su ehtiyatları və hərbi sənaye sahəsində əməkdaşlıq daxildir. Sözügedən istiqamətlərin hər biri həm İsrail, həm də Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir”.

H.Babaoğlu vurğulayıb ki, İsrail təkcə Yaxın Şərqdə deyil, bütün dünyada yeni texnologiyalar mərkəzlərindən biri kimi tanınır və ölkənin, xüsusilə kənd təsərrüfatına tətbiq edilə bilən müasir texnologiyalar üzrə zəngin təcrübəsi mövcuddur.

O, həmçinin duzlu suyun içməli suya çevrilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu və Azərbaycanın hazırda bu istiqamətdə müvafiq layihələr üzərində çalışdığını əlavə edib. 

“Bütün bunlar İsrail-Azərbaycan münasibətlərini hər iki tərəf üçün cəlbedici edir. Bu səbəbdən Azərbaycan Prezidentinin İsrailin ölkəmizdə səfərdə olan xarici işlər nazirini qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafına yeni töhfələr verəcək”, - deyə deputat fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aysel Mətləb

TodayPress TV

tag: Azərbaycan,İsrail,Əməkdaşlıq,XİN,Todaypress.tv,