Fransa NATO-ya üz çevirdi: Qərar nəyi dəyişəcək?

Təhlil

19.01.2026 17:39

"Fransa parlamentinin NATO-dan çıxmaq barədə qərar qəbul etməsi tamamilə mümkündür, lakin, hökumət bunu icra etməyəcək".

Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə şərh edərkən bildirib.


O xatırladıb ki, Fransa parlamenti daha əvvəl də Qarabağın tanınması ilə bağlı qətnamə qəbul edib, lakin hökumət bu sənədin məqsədəuyğun olmadığını bəyan edərək icra etməyib. Analitik vurğulayıb ki, bu dəfə də oxşar yanaşma sərgilənə bilər.

"Fransa bir dəfə NATO-dan, NATO-nun hərbi strukturlarından çıxıb və 2009-cu ildə geri qayıdıb. Bu o deməkdir ki, Paris NATO-dan kənarda olmağın nə demək olduğunu yaxşı bilir", - deyə siyasi şərhçi vurğulayıb. 

O əlavə edib ki, NATO daxilində yaşanan böhran ABŞ Prezidenti Donald Tramp administrasiyasının yaratdığı vəziyyətlə bağlıdır və bu administrasiya əbədi deyil. Politoloqun fikrincə, üç ildən sonra Trampın hakimiyyət müddəti başa çatacaq və bu gedişat davam edərsə, demokratların növbəti seçkilərdə qalib gəlməsi ehtimalı yüksəkdir.

"Bu ilin sonunda ABŞ-də Nümayəndələr Palatasına və Senata seçkilər keçiriləcək və demokratların hər iki palatada üstünlük əldə etmək şansı var.  Bu isə Trampın istədiyini edə bilməməsi ilə nəticələnə bilər”, - deyə A.Səmədov bildirib.

Politoloqun fikrincə, hətta Fransa parlamenti NATO-dan çıxmaqla bağlı sənəd qəbul etsə belə, icra hakimiyyəti bunu reallaşdırmayacaq və Fransa alyansda qalacaq. O, Fransanın NATO-dan çıxacağı təqdirdə belə, bir müddət sonra yenidən geri qayıda biləcəyini də istisna etməyib.

Qeyd edək ki, uzun illər qeyri-real hesab edilən NATO-dan çıxış ideyası ilk dəfə olaraq Fransa Milli Assambleyasının gündəliyinə konkret parlament təşəbbüsü kimi daxil edilib. 

Qətnamənin təşəbbüskarı Milli Assambleyanın vitse-prezidenti və “La France insoumise” sol partiyasının üzvü Klemans Gette olub.

Aysel Mətləb

tag: Abutalıb Səmədov,Politoloq,Fransa,NATO,Todaypress.tv,