Ermənistan və müttəfiqlərimiz "hə" deyibsə... – RƏY

Təhlil

21.01.2026 14:34

"Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “Sülh Şurasına” qoşulması qərarı doğrudur".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: "Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, Sülh Şurasına üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı".

Analitik digər  səbəb kimi qeyd edib ki, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib.

Ekspertin qənaətincə,   Donald Tramp  “Sülh Şurası”nın Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası “Sülh Şurası”nın gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir:

"Azərbaycan super dövlət statusuna malik olan ABŞ-nin  dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırması prosesindən kənarda qalmamalıdır".

E. Şahinoğlu sonda vurğulayıb ki, Ermənistan Trampın “Sülh Şurası”na üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək lüksü yox idi. Digər tərəfdən Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər.   

Qeyd edək ki,  yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.  Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. 

Jalə Rövşən

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,Ermənistan,Sülh şurası,Todaypress.tv,