Elxan Şahinoğlu: "Həm Ankara, həm də Bakı Paşinyanın qələbəsini istəyir"

Təhlil

16.01.2026 15:31

"Həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsindəki paylaşımda deyib. 

Analitik bildirib ki, Hakan Fidanın bəyanatı Ankaranın Ermənistan seçkilərində tərəfini rəsmən seçdiyini təsdiqləyir:

"Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 15-də keçirilən mətbuat konfransında Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən danışarkən baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib. “Cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır”,– deyən Hakan Fidan bununla Ankaranın Ermənistanda tərəfini seçdiyini bildirib".

E.Şahinoğlu vurğulayıb ki, Ankara və Bakı bölgədə sabitliyin tərəfdarıdır:

"Doğru strategiyadır. Bunu gizlətməyin mənası yoxdur, həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir. Mümkündür ki, rəsmi Bakı da oxşar bəyanatla çıxış etsin. Mümkün bəyanatda o da vurğulanmalıdır ki, indiki mərhələdə Azərbaycanla sülhün əleydarları Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədə qurulmağa başlanan sabitliyə təhlükə yaradacaq. Yəni ermənilər Ankara və Bakıdan onlara ünvanlanan mesajları düzgün oxumasalar, bunun ölkələri üçün ağır nəticələrə gətirib çıxaracağını anlamalıdırlar".

Jalə Rövşən

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,Ankara,Bakı,Paşinyan,Todaypress.tv,