Elçibəyin köməkçisi Kaşif Kozinoğlunun Qarabağ dosyesini açdı - DETALLAR

Elçibəyin köməkçisi Kaşif Kozinoğlunun Qarabağ dosyesini açdı - DETALLAR
15.09.2026 11:51 Təhlil

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) və Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi zabiti, 1990-cı illərin əvvəllərində Azərbaycan Milli Ordusunun qurulmasında və Qarabağ müharibəsi dövründə xüsusi əməliyyatların təşkilində tarixi rol oynamış Kaşif Kozinoğlu ilə bağlı indiyədək qaranlıq qalmış məqamlar üzə çıxıb.


TodayPress TV-nin suallarını cavablandıran Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov Kaşif Kozinoğlunun Bakıdakı fəaliyyəti və yaratdığı əfsanəvi taborla bağlı eksklüziv faktları bölüşüb.


Oqtay Qasımov Kozinoğlunun Azərbaycana gəlişi və ordu quruculuğundakı fəaliyyətini belə xatırlayır:

"Kaşif Kozinoğlu 1992-ci ilin sonlarından Azərbaycanda olub. Əvvəlcə Türkiyə ordusunda xüsusi təyinatlı “tim” sistemində xidmət edib. 80 nəfərə yaxın hərbçimizin, o cümlədən Qvardiyanın komanda heyətinin bir çoxuna özü təlim verib. İki qrup getmişdi: 43 nəfər bir, səhv etmirəmsə, 41 nəfər də bir. Daha çox Qars–Sarıqamış tərəfdə təlimlər keçiblər.

Azərbaycana gələndən sonra təklif etdi ki, gəncləri Türkiyəyə göndərmək əlavə xərcdir. Dedi: “Özüm bir neçə nəfər yaxınımla gəlim və təlim mərkəzini elə burada quraq'”. Beləliklə, Pirəkəşkülə gəldi və o vaxt iki tabor yaradıldı. 1993-cü ilin yanvarında təlimlər başladı".

Elçibəyin köməkçisi qeyd edib ki, hazırlanan bölmələrin intizamı və döyüş yolu tamam fərqli prinsiplər üzərində qurulub:

"Təəssüf ki, taborun biri vaxtından əvvəl cəbhəyə göndərildi. Amma ikincisinə Əbülfəz bəyin qəti tapşırığı ilə 3 ay müddətində toxunulmadı. Təlim müddəti 3 ay idi, aprelin 5-də başa çatdı. Ayın 9-u Kaşif döyüşçüləri evə buraxdı ki, 3-4 gün ailələri ilə görüşsünlər. Aprelin 9-u saat 09:45-də keçmiş avtovağzalın yerində, "Spartak" stadionunda toplanış oldu. 550 nəfərlik şəxsi heyət bir nəfər kimi getdi və vaxtında qayıtdı. Halbuki o dövrdə orduda fərarilik halları geniş yayılmışdı, amma bu taborda nizam-intizam ən yüksək səviyyədə idi.


Həmin 550 nəfərlik tabor sonradan Hacıkəndə, oradan isə Tərtər istiqamətinə göndərildi və döyüşə girdi. 1993-cü ildə AzTV-də bir süjet yayımlanmışdı: Tərtər istiqamətindəki döyüşlərdən birində erməni meyitləri yol kənarlarına səpələnmişdi. Bax, həmin əməliyyatı məhz bu qüvvələr — sonradan 777 nömrəsi verilən həmin tabor həyata keçirmişdi. Prezident o vaxt qəti tapşırıq vermişdi ki, bu tabor ordunun digər hərbi hissələri ilə heç bir təmasda olmasın, ordakı neqativ "xəstəliklər" bura sirayət etməsin".

"Prezident Elçibəyin yanında hansısa rəsmi vəzifəsi var idimi?" sualına Oqtay Qasımov belə aydınlıq gətirib:

"Yox, Kaşifin prezident aparatında vəzifəsi yox idi. Orada Yaşar Dəmirbulaq və Osman İlqazı fəaliyyət göstərirdi. Yaşar Dəmirbulaq general-leytenant idi, əslən Qərbi Azərbaycandandır, İrəvanlıdır, Azərbaycan Kültür Dərnəyinin fəallarından olub. Biri hərbi müşavir, digəri isə strateji məsələlər üzrə müşavir və şöbə müdiri idi. Rəhmətlik İntiqam Səlimovla bir yerdə işləyirdilər; İntiqam bəy sonradan döyüşlərin birində şəhid oldu.

Biri də Atilla Qaya idi, onlar tam könüllü idilər və Tovuz istiqamətində vuruşurdular. Kaşif Kozinoğlu isə öz təşəbbüsü ilə gəlmişdi və birbaşa Milli Qvardiyanın komandanı rəhmətlik Tahir Məmmədov tərəfindən kurasiya olunurdu.

Kaşif Kozinoğlu 1993-cü ildə, Surət Hüseynovun qiyamı və məlum hadisələrdən sonra Türkiyəyə qayıtdı. Sonradan MİT-də Xüsusi Əməliyyatlar Dairəsinin rəhbərliyinə qədər yüksəldi. Daha sonra isə "Ergenekon" prosesləri çərçivəsində həbs olundu və həyatını itirdi".


2011-ci ildə cəzaçəkmə müəssisəsində şübhəli şəkildə vəfat edən Kaşif Kozinoğlunun ölümü bu gün də gündəmdədir. 2026-cı ildə Türkiyə Ədliyyə Nazirliyinin göstərişi ilə 15 il əvvəl baş verən müəmmalı ölümlə bağlı cinayət işi yenidən açılıb.

Aparılan istintaq çərçivəsində Kozinoğlunun Ümraniyədəki məzarı ekshumasiya edilib, cəsədin böyük ölçüdə çürümədiyi müəyyənləşdirilərək məhkəmə-tibbi ekspertizasına göndərilib. Hadisə ilə əlaqədar bir sıra şəxslər, o cümlədən onun fəaliyyətindən bəhs olunduğu iddia edilən "Kurtlar Vadisi" serialının ssenaristləri dindirilməyə çağırılıb, bəzi şübhəlilər isə həbs edilib.

İsmayıl Şahlı

TodayPress TV

FOTOLAR

Elçibəyin köməkçisi Kaşif Kozinoğlunun Qarabağ dosyesini açdı - DETALLAR — 1
Elçibəyin köməkçisi Kaşif Kozinoğlunun Qarabağ dosyesini açdı - DETALLAR — 2
XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər