Ziddiyyətli bəyanatlar və vaxtoynatma taktikası: İrəvan sülh prosesindən nəyi gizlədir?
Ermənistanın daxili və xarici siyasətində, habelə təhlükəsizlik və iqtisadiyyat müstəvisində sülh danışıqlarının müddəti, konstitusiya dəyişiklikləri tələbi, revanşist ritorikanın artması və sərhəd insidentləri əsas xətt təşkil edir.
Baş nazir Nikol Paşinyanın sülh sazişinin imzalanma tarixi ilə bağlı ziddiyyətli bəyanatları diqqət mərkəzindədir. Əvvəlcө sənədin 2031-ci ilə qədər uzadıla biləcəyini deyən Paşinyan, daha sonra hökumət iclasında və jurnalistlərə açıqlamasında sülh sazişinin 2027–2028-ci illərdə imzalanmasının məqsədəuyğun olduğunu bildirib və prosesin vaxtını irəli-geri çəkərək qeyri-müəreslik yaradıb. Xarici işlər naziri Ararat Mirzoyanın və digər rəsmilərin konstitusiya dəyişiklikləri və sərhəd məsələləri ilə bağlı ziddiyyətli açıqlamaları da İrəvanın vaxt qazanmağa və sülh prosesini ləngitməyə çalışdığını göstərir. Azərbaycan tərəfi isə Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində yer alan ərazi iddialarının aradan qaldırılmasını əsas şərt kimi tələb edir, lakin İrəvan bu istiqamətdə konkret addımlardan yayınır.
Ermənistan daxilindəki müxalif yönümlü dairələr və revanşist qüvvələr mövcud hakimiyyətin siyasətini kəskin tənqid edərək etirazları gücləndirirlər. Paşinyan isə bir tərəfdən cəmiyyətə sülh gündəliyini təqdim etməyə çalışır, digər tərəfdən daxili siyasi təzyiqlər və konstitusiya referendumu ilə bağlı risklər səbəbindən zəruri addımları təxirə salır, hətta siyasi maneələr yaranacağı təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini istisna etmir.
Sərhəd təhlükəsizliyi müstəvisində Tovuz rayonunun Çatax kənd sakini Yaşar Qasımovun yolu azaraq Ermənistan ərazisinə keçməsi ilə bağlı insident baş verib. Nikol Paşinyanın açıqlamasında Azərbaycan vətəndaşının geri qaytarılacağını bildirməsi və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məsələni təsdiqləyərək şəxsin təhvil verilməsi üçün tədbir görməsi sərhəddə operativ əlaqə mexanizmlərinin işlədiyini göstərən lokal addım kimi qeydə alınıb.
Xarici siyasətdə İrəvan Avropa İttifaqının missiyası ilə əməkdaşlığı genişləndirir, Qərb strukturları ilə inteqrasiyanı dərinləşdirir və Fransa ilə Hindistandan hərbi texnika alaraq silahlanmanı davam etdirir. Eyni zamanda, Rusiya və KTMT ilə iqtisadi asılılıqlar səbəbindən kəskin qopmadan qaçmaq üçün taktiki manevrlərə əl atılır.
Ermənistan siyasətində əsas xətt siyasi ləngitmə və qeyri-müəyyənlik üzərində qurulub. İrəvan bir tərəfdən sülh sənədi mətni üzrə razılıq mesajları versə də, konstitusiya dəyişikliklərindən qaçmaq və prosesi uzatmaq cəhdlərini davam etdirir. Bu isə regionda dayanıqlı sülhün bərqərar olunmasını ləngidən əsas amildir.
Jalə Rövşən