“Döyüşmək əvəzinə efirdə dərs keçirlər!” – Ramiz Yunus bu kanallara MESAJ VERDİ

Təhlil

17.01.2026 13:10

Xəbər verdiyimiz kimi, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus rusiyalı jurnalist Yevgeni Kiselyovun canlı efirində olarkən onların arasında mübahisə yaranıb. 

Belə ki, veriliş ərzində jurnalist tez-tez qonağın sözünü kəsib, daha sonra isə Ramiz Yunus Kiselyovun mövqeyinə uyğun gəlməyən fikirlər səsləndirdikdən sonra xəbərdarlıq edilmədən efirdən uzaqlaşdırılıb.   

TodayPress TV xəbər verir ki, Ramiz Yunus ukraynalı jurnalist İqor Qavrişçakla müsahibəsində bu gərginlikdən danışıb. 

Professorun sözlərinə görə, onlar İranda baş verən proseslərdən danışmalı imişlər: 

“İstərdim ki, dünyada baş verən geosiyasi proseslərdən, o cümlədən əvvəlcədən planlaşdırdığımız İran ətrafında baş verən hadisələrdən danışaq. Məni məhz bu mövzuya görə efirə dəvət etmişdi. Onun efirində ilk iştirakım deyildi. Müzakirələrimiz kifayət qədər normal, mədəni və qarşılıqlı hörmət çərçivəsində keçirdi. Görünür, elə bir mövzuya toxundum ki, nə onun, nə də ümumilikdə Rusiya liberal dairələrinin istədiyi “əraziyə” girdim. Onlar öz rahat dünyalarında yaşayırlar və kənardan kiminsə ora daxil olmasını istəmirlər. Onlarla konfliktim ilk dəfə deyil, amma efirdən uzaqlaşdırılmağım ilk dəfə baş verdi.

Məsələn, bundan sonra məni “Azad Rusiya Forumu”na dəvət etmədilər. Eyni tənqidləri etdikdən sonra artıq çağırmırlar. “Dojd” telekanalı da dəvət etmir. Bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra başladı. Həmin vaxt bütün bu guya “müxalif”, əslində isə açıq-aşkar ermənimərkəzli rusiyapərəst kanallar — “Exo Moskvı”, “Dojd”, eləcə də “Əziz Amerika”, “Amerikanın Səsi”, “Azadlıq Radiosu” hamısı məni kənarlaşdırdı”.

Professor bu hadisəni “etik kodekslərin pozulması” adlandırıb:

“Başa düşürəm, mövqeyim xoşunuza gəlmir, dəvət etmirsiniz. Bu sizin anladığınız “plüralizm”dirsə, buyurun. Amma dəvət etmisinizsə, qonağı bu şəkildə, heç bir müzakirə aparmadan efirdən kəsmək, xüsusən də bunu böyük jurnalistika təcrübəsi olan, vaxtilə televiziya rəhbəri olmuş şəxsin etməsi jurnalistikanın bütün etik kodekslərinin pozulmasıdır.

Diskussiya diskussiyadır: qonağın fikri xoşunuza gələ də bilər, gəlməyə də, amma arqumentlə cavab verin. “Mən sizinlə razı deyiləm” deyin, arqumentinizi ortaya qoyun. Sadəcə efiri kəsmək və bunu “konspirasiya” adlandırmaq artıq peşəkarlıq deyil.

Konspirasiya fantaziyadır, amma mən tarixi proseslərdən danışıram — öz gözlərimlə gördüyüm, iştirakçısı olduğum proseslərdən. 35 il böyük siyasətdə olmuşam, hökumətdə, parlamentdə yüksək vəzifələr tutmuşam, Rusiyanın ən yüksək siyasi elitasını yaxından tanıyıram və sözümün hər vergülünə qədər məsuliyyət daşıyıram”.

Ramiz Yunus diqqətə çatdırıb ki, Rusiya liberal mühitinin formalaşması Qorbaçov və Yeltsinin dövrləri ilə birbaşa bağlıdır və bu proseslər bu gün də öz təsirini saxlayır:

“Mən Qorbaçov, Yeltsinin dövründən danışanda onların “ən müqəddəs” yerlərinə toxunuram. Çünki bugünkü rus liberal mühiti, o cümlədən Yevgeni Kiselyov, məhz o dövrlərdə formalaşıb. Onlar həmin sistemin içindən çıxıblar. Bu sistem isə 25 ildir hakimiyyətdə olan keçmiş  Dövlət Təhlükəsizlik Komistəsi (DTK), indiki Federal Təhlükəsizlik Xidmətidir (FSB). Sovet İttifaqı həmişə “qalxan və qılınc”, yəni DTK üzərində dayanıb. Media da bu sistemin nəzarətində olub. Jurnalistlər “örtük altında” işləyiblər. Bu hamıya məlumdur.

İnformasiya müharibəsinin səngərindəyəm. Birinci Qarabağ müharibəsindən, İkinci Qarabağ müharibəsindən, indi isə Rusiyanın Ukraynaya qarşı təcavüzündən bəri. Altı ildir ki, Kanadadan Avstraliyaya, Baltik ölkələrindən İsrailə qədər hər gün efirdəyəm. Müharibə təkcə cəbhədə aparılmır, informasiya sahəsində də aparılır. Mən bunu öz gözlərimlə görmüşəm: necə ki, vaxtilə Avropada, Rusiyada, ABŞ-də ermənimərkəzli narrativlər hökm sürürdü. Azərbaycanda bu problemi çoxdan həll etmişik, Ukraynada isə hələ də qalır. Bunu illər əvvəl demişdim”.

Analitik ifadə edib ki, Rusiya liberal dairələrinin davranışı və mövqeyi region ölkələri üçün ciddi təhlükə mənbəyi olaraq qalır: 

“Rus liberal dairələri imperiya düşüncəsindən çıxa bilmirlər. Ukraynanın, Azərbaycanın, Gürcüstanın, Moldovanın dostları deyillər. Onların ölkəsi Ukraynaya hücum edib. Ən azı susmalıydılar, ya da silah götürüb Ukraynanın yanında döyüşməli idilər, amma efirə çıxıb dərs keçirlər. Bu mənim vicdan məsələmdir, etmişəm və edəcəm”.

Qiymət Mahir

TodayPress TV

tag: Ramiz Yunus,Politoloq,Kanal,Siqnal,Todaypress.tv,