Azərbaycanın torpağı nədir ki, gürcü keşişi də göz dikib...
Gürcü millətçisinin “Rus bizi xilas edər” nağılına cavab.
Gürcüstanda bir qrup adam var, əlində xaç, dilində Rusiya, beynində SSRİ. Bu adamların yazdıqları, paylaşdıqları mətnlər də elə həmin düşərgənin manifestidir. Deyirlər ki, nefti, qazı, benzini Azərbaycandan yox, Rusiyadan alın! Azərbaycan təhlükədir, bizi Rusiya xilas etsin!
Bu adamlar ya tarixi bilmir, ya da bilərəkdən satır.
Səni “qoruyan” Rusiya 2008-ci ildə Abxaziya və Tsxinvalini sənin əlindən aldı! Tankı Tiflisin 40 km-nə qədər gəldi. İndi sən deyirsən Rusiya gəlsin məni azərbaycanlıdan qorusun?
Azərbaycan Gürcüstandan bir qarış torpaq istəyib? Xeyr. Əksinə, 2008-ci ildə müharibə gedəndə sənin qaçqınlarını qəbul edən, sənə humanitar yardım göndərən Bakı idi!

Avropalı qorxaq diplomatlar Putin adı gəldikcə əsməcə tutduqları günlərdə Azərbaycan Balakəndən qatarla onları Tiflisə yola saldı. Halbuki, həmin günlərdə dediyim kimi, güclü Rusiya qarşısında sözünü deyəcək bir dənə dövlət belə tapmaq mümkün deyildi.
Ən böyük təhlükə Azərbaycan yox, sizin bu məntiqinizdir. Çünki işğalçını xilaskar kimi çağırdığınız sonuncu dəfə 242 il əvvəl babalarınız Kartli-kaxetlilər II Yekatrinanın qapı quluna çevirilib, bütün Qafqazın sonrakı 200 il işğalda qalmasına dəvətiyyə çıxarmaları idi.
Bu adamlar deyirlər ki, Azərbaycan qazını kəsin, Rusiyadan alın. O zaman gəlin rəqəmlə danışaq, nağılla yox.
Gürcüstanın qazının 90%-ni Azərbaycan verir. 2026-cı ilin rəsmi balansına görə Gürcüstan 3,34 milyard kub qaz işlədəcək, onun 2,92 milyardı SOCAR-dan və Şahdənizdən gələcək. Rusiyadan cəmi 400 milyon. Yəni 10 dəfə az!
SOCAR Gürcüstanda 114 yanacaqdoldurma məntəqəsi, bütün qaz şəbəkəsi, Kulevi neft terminalı ilə ən böyük vergi ödəyicisidir. BTC neft kəməri, Bakı-Tiflis-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi sənin ərazindən keçir və sən ildə yüz milyonlarla dollar tranzit pulu alırsan.
Sən Azərbaycanı kəssən, Tiflisdə kombi yanmaz, maşına benzin tapılmaz, büdcən çökər! Onda sənə Rusiya pulsuz qaz verəcək? Rusiya pulsuz heç nə vermir, əvəzində torpaq alır. Abxaziya kimi.
Deməli məntiq çox sadədir: Azərbaycan olmasa Gürcüstanın işığı sönər. Gürcüstan olmasa isə Azərbaycan başqa yoldan keçər.

Bu adamlar deyirlər ki, Kvemo Kartlinin (Yəni Borçalının) guya Azərbaycanın tarixi ərazisi deyil. Yalan! Borçalıda yaşayan 500 min azərbaycanlı Gürcüstan vətəndaşıdır, Gürcüstan bayrağına sadiqdir. Bunlar Azərbaycandan köçüb gəliblər?
Əsl təhlükə nədir? Əsl təhlükə Borçalıda Azərbaycanın yerini İranın tutmasıdır!
Bakı Borçalıya nə edir? Məktəb tikir, qaz çəkir, SOCAR-la evləri isidir.
Bəs Tiflis nə edir? Göz yumur ki, İran Marneulidə, Qardabanidə Əhli-Beyt cəmiyyətləri, mədrəsələr açsın. Pul paylasın, İrana aid şiəliyin təbliğatını aparsın.
Hətta buna görə Gürcüstan müsəlmanlarının da tabe olduğu Qafqaz Müsəlmanları İdarəsinin ölkədəki tabeliyini və nüfuzunu qadağan edən ayrıca qurum da düzəltdilər və birbaşa İrana bağladlar.
Bu Azərbaycan əleyhinə deyil, birbaşa Gürcüstan dövlətinin özünə qarşı bombadır!
Sabah o şəbəkə Tiflisdə "İslam Respublikası" istəyəndə onda biləcəksən təhlükə haradadır. Azərbaycanın yumşaq gücü Borçalıda olmasa, sabah orada fars mollası oturacaq, gürcü yox.
Və ən dəhşətlisi, həmin İrançı təfəkkürün molla və zəhər, terror ixrac etməsinin bədəlini Azərbaycan və Türkiyə təəssüf ki, artıq çəkməkdə olsa da, özlərinə böyük bir quyu qazdıqlarını gürcülər görmür.

Yazırlar ki, Türkiyə Böyük Turan qurur, Gürcüstan olmasa, indi bölgə dəyişmiş olardı və onlar buna maneədir. Bu, Moskva mətbəxində bişirilən ən köhnə nağıldır. Gürcünü türklə qorxut, Rusun qucağına at.
Türkiyə Gürcüstanı niyə udsun? Türkiyə üçün Gürcüstan Azərbaycana Avropaya qapıdır. BTC, BTE, dəmir yolu olmasa Türkiyə də qazana bilməz. Türkiyə Gürcüstanı udmaq istəsə, 2008-ci ildə Rus gələndə kömək etməzdi.
Böyük Turan nağılı ilə sizi yatırırlar ki, rus çəkməsi yenə Tiflisyə girsin.
Bu mövqeyimə hörmətli gürcü xalqı yox, rusyönümlü bir qrupun ifşası kimi baxmaq lazımdır.
Gürcü xalqına isə bizim sözümüz budur:
Sizi Rusiya yox, Azərbaycan və Türkiyə ilə qardaşlıq xilas edəcək. Sizi xaçpərəstlik üzərində qurulan nifrət yox, iqtisadi əməkdaşlıq xilas edəcək.
Rusiya sizə Abxaziya verdi? Yox, aldı. Azərbaycan sizə nə verdi? Qaz, işıq, iş yeri, tranzit pulu, Avropaya yol.
Seçim sizindir: Qaranlıqda Rusiya nağılı ilə donmaq, yoxsa Azərbaycan qazı ilə isinib Avropaya getmək.
Azərbaycan olmadan Gürcüstan donar, amma Gürcüstan olmadan Qafqazda sülh olmaz. Biz sülh istəyirik.
Kiçik bir qeyd:
Bir həftə əvvəl bölgədə başlayan Azərbaycan- Türkiyə - Özbəkistan hərbçilərinin birgə təlimindən sonra hər üç ölkəyə qarşı böyük bir təzyiq baş Verdi. Lakin həssas müşahidəçilər görə bilər ki, hər iki ölkədən fərqli olaraq, hücumların ardıcıl və təşkil edilmiş, əsas zərbə nöqtəsi kimi Azərbaycan seçildi. Təbii ki, ölkəmizin reallıqları, təşəbbüskarlığı, mövqeyi, gücü, ağıllı siyasəti və qalibiyyət əsaslı davranışları rəqiblərə də əsas ilhamverici gücün, mərkəzin Bakı olduğunu deyirdi. Bu baxımdan biz özümüz də həmin fakta əsla təəccüblənmədik.
Lakin, bəzi reallıqları da artıq açmaq lazımdır.
Qarşıdakı 10 ildə bölgədə hansısa nominal bir güc Gürcüstanı və ya Ermənistanı işğal etmək istəsə, ona dayan deyə biləcək iki ölkədən başqa bir güc mərkəzi olmayacaq. Günü bu gün Ermənistanı və ya Gürcüstanı işğal etsələr, Rusiya təsirsiz qalacaq, Ukraynada boğulur və özünü xilas edən lazımdır, Avropa Rusiya ilə savaşda başı özünə qarışmaqla yanaşı, yeni transformasiya dövrü keçirir və böyük ehtimalla, Aİ dağılacaq. Dağılmasa belə güclü təsir imkanlarını itirməyə doğru gedir. Çünki Almaniya, Fransa, İtali başda olmaqla milli iqtisadiyyatlar mühafizəkarlığa doğru sifarişlərini tarazlamağa başlayırlar. ABŞ da İran məsələsində bölgə dövləti olmadığı ələ Verdi və sabah artıq üçüncü güclərin addımlarına qarşı adekvat davranacaq gücü yoxdur. Keçək İrana, ABŞ-ın düşdüyü durumun səbəbi İran olsa da, özü də böyük yaralar aldı, bərpasına illər lazım olacaq. Dünyanın əsl sahibi olacaq Çinin isə gecikən cəsarəti təqdir görmür, 2030-dan tez Çin haqda da danışmaq mümkün deyil.
Yaxşı, bu erməni və gürcü keşişlərini danışdıran nədir?
Azərbaycan və Türkiyə olmasa iki günə yad çəkmələrin altında tapdaq olarsınız.
Bir kəlbəcərlinin məşhur ifadəsi ilə desək, “Dövlət o sən görən dövlət deyil: indi aparat da var, ölçü də!”

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı