Rusiyanın 300 milyard avrosu Ukraynaya verilir?
Rusiyanın dondurulmuş aktivləri Ukraynanın uzunmüddətli maliyyələşdirilməsini təmin etmək məqsədilə Avropa İttifaqının (Aİ) idarəçiliyinə verilməlidir.
TodayPress TV xəbər verir ki, bunu Almaniyanın keçmiş müdafiə naziri Anneqret Kramp-Karrenbauer “Ukrinform”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk növbədə Avropa səviyyəsində Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsi ilə bağlı razılıq əldə olunmalıdır. Kramp-Karrenbauer dondurulmuş Rusiya aktivlərinin Aİ-yə təhvil verilməsini və növbəti mərhələdə həmin vəsaitlərdən istifadə olunmasını bu məqsədə çatmağın ən yaxşı yolu hesab etdiyini bildirib.
Keçmiş nazir qeyd edib ki, Almaniya hökumətinin mövqeyi Ukraynanın uzun müddət ərzində sabit maliyyələşdirilməsinin təmin edilməsindən ibarətdir. Onun fikrincə, bu məsuliyyəti bütün Avropa ölkələri bölüşməlidir. Kramp-Karrenbauerin sözlərinə görə, kansler Fridrix Merts də bu məsələni qarşıdakı illər üçün Aİ büdcəsi ilə əlaqələndirib.
O əlavə edib ki, Avropa İttifaqı daxilində keçiriləcək növbəti danışıqlar bu təkliflə bağlı razılığın əldə olunub-olunmayacağını müəyyənləşdirəcək.
Qeyd edək ki, Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində aktivlərini dondurub. Bu vəsaitin təxminən 180 milyard avrosu “Euroclear” depozitarisində saxlanılır.
Qiymət Mahir