Davosdan mesaj: Azərbaycan bu risklərdən sığortanıb!
Təhlil
21.01.2026 22:19
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.

Prezident Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında bildirib ki, Ümumdünya Ticarət Təşkilatı da dağılma mərhələsindədir:
“Yeri gəlmişkən, Azərbaycan 30 il ərzində dəvət olunmasına baxmayaraq, Ümumdünya Ticarət Təşkilatına qoşulmayıb. Çünki biz iqtisadi suverenliyimizi, siyasi suverenliyimizi qorumaq istəyirik. Eyni zamanda çoxsaylı tərəfdaşlarla yaxşı münasibətlər saxlamağa çalışırıq".
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər mövcud qlobal proseslər fonunda dərin siyasi və iqtisadi məna daşıyır və bu çıxış emosional yanaşma deyil, reallığa əsaslanan strateji qiymətləndirmə kimi qəbul olunmalıdır:

“Dünyada qlobal ticarət sisteminin böhran yaşadığı bir dövrdə Azərbaycanın uzunmüddətli siyasi və iqtisadi kursunu məhz reallıq üzərində qurması təsadüfi deyil. Bu kontekstdə cənab Prezidentin ÜTT ilə bağlı səsləndirdiyi mövqe ciddi siyasi siqnaldır və kifayət qədər təcrübəyə malik lider tərəfindən verilmiş rasional qiymətdir”.
Politoloqun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaması ölkənin qlobal sistemdən kənarda qalması anlamına gəlmir:
“Əksinə, təşkilatın zəiflədiyi və funksionallığını itirdiyi bir mərhələdə Azərbaycan özünü mümkün risklərdən sığortalamış oldu. Bu qərarı strateji uzaqgörənlik və praqmatik realizm kimi qiymətləndirmək daha doğrudur”.
Ç.Şahbazi qeyd edib ki, İlham Əliyevin Davosda verdiyi bəyanat mövcud qlobal iqtisadi nizamın böhranına ünvanlanan açıq mesajdır:
“Bu çıxış eyni zamanda Azərbaycanın son 30 illik siyasi və iqtisadi xəttinin nə qədər əsaslı və düşünülmüş olduğunu göstərən mühüm siyasi siqnaldır”.
Ekspertin fikrincə, ÜTT artıq əvvəlki funksiyasını itirib:
“2019-cu ildən etibarən təşkilat faktiki olaraq iflic vəziyyətinə salınıb. Apellyasiya mexanizmi işləməz hala gətirilib və ÜTT böyük güclərin — Çin, ABŞ və Avropa İttifaqı təsir alətinə çevrilib. Bu aktorlar selektiv yanaşma sərgiləyir, sanksiyalar və ticarət müharibələri vasitəsilə qlobal ticarəti beynəlxalq hüquqdan daha çox güc amili ilə tənzimləməyə çalışırlar”.
Politoloq vurğulayıb ki, bu səbəbdən ÜTT formal olaraq mövcud olsa da, “oyunun qaydalarını müəyyən edən” institut rolunu itirib:
“Bu reallıqlar fonunda cənab Prezidentin mövqeyi qlobal sistemə realist baxışın ifadəsidir. Azərbaycan ÜTT-yə üzv olmadığı üçün illər ərzində müəyyən beynəlxalq təzyiqlərlə üzləşsə də, bu gün geriyə baxdıqda həmin qərarın strateji uzaqgörənlik olduğu aydın görünür. Məhz bu uzaqgörən yanaşma Azərbaycanın mövcud qlobal problemlərdən qorunmasına imkan verib. ÜTT-yə üzv olmamaq Azərbaycanın iqtisadi suverenliyini qorumasına və manevr imkanlarını genişləndirməsinə şərait yaradıb. Bu, ölkəni beynəlxalq asılılıqdan uzaqlaşdırıb və funksional əməkdaşlıq modelinə üstünlük verməsinə imkan verib. Bu yanaşma təsadüfi deyil, mərhələli və praqmatik strateji seçimdir”.
Sonda Çingiz Şahbazi bildirib ki, hərçənd ÜTT-yə üzv olan ölkələrin bəzi beynəlxalq bazarlara çıxışı daha asan olur, lakin mövcud qlobal şəraitdə bu üstünlüklər əvvəlki effektivliyini itirib:
“Bu baxımdan Azərbaycanın ÜTT-yə üzv olmamasını strateji uzaqgörənlik kimi qiymətləndirmək tam əsaslıdır”.
Qiymət Mahir
tag: ÜTT,Çingiz Şahbazi, Azərbaycan,Davos ,Todaypress.tv,
