Çindən İrana hərbi dəstək: Orta Şərqdə Amerika hegemonluğuna son qoyulur?
Təhlil
22.01.2026 14:49
Son 56 saatda Çinin 16 hərbi yük təyyarəsi İrana eniş edib. Bu Pekin–Tehran strateji əməkdaşlığının kəskin şəkildə gücləndiyini göstərir. Y-20 “Kunpeng” kimi ağır nəqliyyat təyyarələri ilə həyata keçirilən bu daşımalar hərbi texnika və ya personalın sürətli yerləşdirilməsi ehtimalını artırır.

Maraqlıdır, Pekinin bu kütləvi hərbi logistik gedişinə Çinin artıq İranda sadəcə iqtisadi investor deyil, həm də ABŞ-yə meydan oxuyan bir "hərbi qarant" roluna keçməsi demək olarmı?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, regionda vəziyyət əvvəlki kimi ağır olaraq qalır:

“Hazırda bir çox mətbuat mənbələri bildirir ki, bəli, Tramp son dəqiqə, son məqamda İrana zərbə endirmək fikrindən yayınıb. Ancaq mənə elə gəlir ki, burada İrana qarşı mövqe tutan media vasitələri sadəcə bleflə məşğuldurlar. Yəni qüvvə toplanılır ki, zərbə endirilsin. Sadəcə bəzi mərkəzlər İranın diqqətini yayındırmağa çalışırlar".
Analitik qeyd edib ki, İran xarici siqnalları izləyir və hədəflərə qarşı tədbir görür:
“Tehranın özü bu proseslərdə, mənim qənaətimə görə, daha məlumatlıdır. Yəni İranın xaricdə fəaliyyət göstərən casus şəbəkəsi var, o cümlədən İsrailin daxilində. Təsadüfi deyil ki, İranda çox ciddi hazırlıqlar gedir və məlum olduğu kimi, İlon Maskın Starlink şəbəkəsinin fəaliyyəti İran tərəfindən pozulub. Yəni siqnallar İrana ünvanlı şəkildə daxil olmayıb. Əksinə, İranın kiber təhlükəsizlik sistemində fəaliyyət göstərən qruplar həmin siqnalların kimlərə ünvanlandığını müəyyən ediblər. Onlar biliblər ki, bu siqnalları ala biləcək şəxslər evlərdə yerləşdirilmiş səyyar qərargahlardır və düşmən qüvvələrini təmsil edirlər. Bu istiqamətdə artıq konkret fəaliyyət gedir".
Politoloq İrana zərbə endirmək və onu parçalamaq planlarının hələ də qüvvədə olduğunu vurğulayıb:
“Çünki Çin çox yaxşı anlayır ki, İran istehkamı Çinin yolunda yerləşən ciddi bir baryerdir. Əgər Amerika Birləşmiş Ştatları bu səddi aşarsa, bu həm də coğrafi baxımdan Çinə yaxınlaşmaq deməkdir. Ona görə də Çin bu proseslərə sakit və laqeyd yanaşmır, öz çıxarışlarını və qənaətlərini formalaşdırır".
O bildirib ki, eyni zamanda burada Rusiyanın da maraqları var:
“Çünki Amerika Birləşmiş Ştatlarının iki əsas, ekzistensial rəqibi varsa, onlardan biri Çindir, digəri isə Rusiyadır. Görürük ki, hazırda ABŞ Rusiya istiqamətini daha çox ikinci dərəcəli hesab edir. Onun üçün əsas prioritet Pekinlə hesablaşmadır. Rusiyanın taleyini isə müəyyən mənada Avropanın üzərinə atıb ki, “özünüz həll edin, mən bu məsələyə birbaşa qarışmayacağam”. Yəni Ukrayna böhranı ətrafında Avropa bacarırsa, Rusiyanın imkanlarını məhdudlaşdırsın, öz bildiyi kimi hərəkət etsin".
Ekspert hesab edir ki, Tramp Çinə prioritet verir, İrana zərbə ehtimalı isə yüksək risk səbəbindən azdır:
“Tramp bir növ öz yükünü yüngülləşdirir ki, Çin istiqamətini əsas prioritet kimi saxlaya bilsin. Düzdür, mən şəxsən inanmıram ki, Amerika Birləşmiş Ştatları İrana birbaşa zərbə endirsin. Bu mənim subyektiv fikrimdir. Çünki əgər zərbə endirilsə, mütləq cavab olacaq, yüz faiz cavab olacaq. Məsələ təkcə Çindən gələn təyyarələrin gövdəsində hansı texnikanın və ya silah-sursatın daşınmasında deyil. Məsələ ondadır ki, İran illərdir bu proseslərə sistemli şəkildə hazırlaşıb".
Analitikin qənaətincə, nüvə məsələsi nisbətən ikinci plana keçib. Hazırda əsas tələb İranın raket proqramının dayandırılmasıdır. İran isə açıq şəkildə bəyan edib ki, bu mövzunu ümumiyyətlə müzakirə etməyəcək, çünki bu, onun təhlükəsizliyinin bir nömrəli məsələsidir.
T.Abbasov qeyd edib ki, ABŞ aviadaşıyan gəmiləri İran üçün açıq hədəfdir:
“Hazırda aviadaşıyan gəmilər Fars körfəzinə daxil olur, onları müşayiət edən esmineslər və digər yardımçı gəmilər də var. Ancaq Amerikanın öz donanmasında vaxtilə xidmət etmiş bir neçə yüksək səviyyəli zabit açıq şəkildə bildiriblər ki, bu məsələ ilə bağlı Tramp çox böyük riskə gedir. Niyə? Çünki məsələ təkcə İranın bölgədə yerləşən Amerika bazalarını vurması deyil. Məsələ ondadır ki, aviadaşıyan gəmilərin özləri də o qədər manevr qabiliyyətinə malik deyil.
Keçmiş hərbi dəniz zabitlərinin fikrincə, bu gəmilər artıq faktiki olaraq İranın hədəfinə çevrilib. Onların raketlərlə vurulması, zədələnməsi və ya batırılması çətin məsələ hesab olunmur. Aviadaşıyan gəmilərdə 3 mindən 5-6 minə qədər personal xidmət edir. Onların öz çörək bişirən obyektləri, xidmət və təmir müəssisələri var. Yəni bu gəmilər tam bir üzən şəhərdir. Əgər onlara raket zərbəsi endirilsə, minlərlə insanın həyatı birbaşa təhlükə altına düşəcək".
Politoloqun fikrincə, əgər Donald Tramp həqiqətən də müvəqqəti olaraq zərbə fikrindən daşınıbsa və sonradan yenidən bu qərara qayıdacaqsa, belə bir riskli addım atılarsa, bu artıq növbəti dünya müharibəsinin başlanğıcı kimi tarixə düşə bilər. Çünki belə bir vəziyyətdə nə Amerika dayanacaq, nə də İran. Eyni zamanda İranın arxasında dayanan Rusiya və Çin də Tehrana öz dəstəklərini verəcəklər.
O, qeyd edib ki, digər tərəfdən, bütün bu proseslərə Donald Trampın Davosda etdiyi çıxış kontekstində də baxmaq olar. Bu çıxış dünya ictimaiyyətini ciddi şəkildə təəccübləndirdi. Tramp açıq şəkildə bildirdi ki, istədiyini edəcək və verdiyi qərarlar faktiki olaraq qanun statusu daşıyacaq. Bu baxımdan artıq nə BMT-nin sözü eşidilir, nə də beynəlxalq institutların fəaliyyəti hiss olunur. Sanki hər şey pauzaya qoyulub, bəlkə də tamamilə dayandırılıb.
"Trampın mesajı ondan ibarət idi ki, dünyanın qaydasını və qanununu o müəyyən edir, onun şəxsi yanaşması və baxışı qərarların mahiyyətini formalaşdırır. Beləliklə, Davosdan dünyaya verilən mesaj belə oldu ki, beynəlxalq hüququ artıq sövdələşmə prinsipi əvəz edir",- analitik bildirib.
Onun sözlərinə görə, Bu proseslər fonunda dünya güc mərkəzləri – Moskva, Pekin, London, Paris, Berlin, Roma – hamısı bir nəticəyə gəlməlidir: "Əgər dünyanı tənzimləyən qanunlar və BMT kimi institutlar faktiki olaraq sıradan çıxarılırsa, onda dünya bundan sonra necə yaşayacaq? Bir nəfərin qərarları bütün beynəlxalq institutların yerini tuta bilərmi?
Məsələ olduqca gərgindir. Bizim regiona, yəni Yaxın və Orta Şərqə qayıtdıqda isə görürük ki, vəziyyət son dərəcə həssasdır. Biz də bu regionla həmsərhədik və proseslər birbaşa bizi də narahat edir. Dediyim kimi, təhlükə hələ sovuşmayıb. Əgər İrana zərbə endirilərsə, bu, çox böyük bir fəlakət kimi qiymətləndiriləcək. Bu, birmənalıdır".
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,Çin,İran,Todaypress.tv,
