Bu, şəhidləri alçaltmaq və millətə xəyanətdir... - İTTİHAM

Bu, şəhidləri alçaltmaq və millətə xəyanətdir... - İTTİHAM
30.09.2026 09:43 Təhlil

Çin və Tayvan arasında İkinci Dünya müharibəsinin tarixi ilə bağlı mübahisə yenidən gündəmə gəlib. "Reuters" yazıb ki, Pekin Tayvanı müharibə ilə bağlı Çin hökumətinin mövqeyini tənqid etdiyinə görə “şəhidləri alçaltmaqda” və tarixə xəyanətdə ittiham edib.

Çinin Tayvan məsələləri üzrə idarəsinin sözçüsü Zhang Han Pekində keçirdiyi brifinqdə Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının İkinci Dünya müharibəsinin tarixini təhrif etməyə çalışdığını bildirib.

“Bu, tarixə xəyanət, şəhidləri alçaltmaq və millətə xəyanətdir”, – deyə Zhang Han deyib.

Pekin İkinci Dünya müharibəsi zamanı Çində Yaponiyaya qarşı müqavimətin əsas dayağının Çin Kommunist Partiyasının rəhbərlik etdiyi qüvvələr olduğunu bildirir. Çinin mövqeyinə görə, Kuomintang qüvvələri Yaponiyaya qarşı əsas cəbhədə döyüşüb, kommunist qüvvələri isə düşmən xəttinin arxasında müqavimət təşkil edib.

Tayvan bu yanaşmanı qəbul etmir.

Taipei bildirir ki, həmin dövrdə Çini beynəlxalq səviyyədə təmsil edən hökumət Çin Respublikası olub və Yaponiyaya qarşı müharibədə müttəfiqlərin tərəfində məhz bu hökumət iştirak edib. Çin Respublikası hökuməti 1949-cu ildə vətəndaş müharibəsində məğlub olduqdan sonra Tayvana çəkilib və ada bu gün də həmin dövlət adını daşıyır.

Mövzunun maraqlı tərəfi də buradan başlayır. 

İkinci Dünya müharibəsi illərində bugünkü Çin Xalq Respublikası mövcud deyildi. Çini təmsil edən hökumət Çan Kayşinin rəhbərlik etdiyi Çin Respublikası idi. Çin ABŞ, Böyük Britaniya və Sovet İttifaqının da daxil olduğu müttəfiq düşərgəsində Yaponiyaya qarşı müharibə aparırdı.

Amma Yaponiyanın məğlubiyyətindən sonra Çində yeni qarşıdurma başladı. Kommunistlər və Kuomintang arasında vətəndaş müharibəsi davam etdi. 1949-cu ildə Mao Tszedunun rəhbərlik etdiyi kommunistlər materik Çində hakimiyyətə gəldilər və Çin Xalq Respublikasını yaratdılar. Çan Kayşinin rəhbərlik etdiyi Çin Respublikası hökuməti isə Tayvana çəkildi.

Bu hadisə Çin tarixini iki fərqli siyasi istiqamətə ayırdı.

Pekin yeni yaradılan Çin Xalq Respublikasını Çin dövlətinin davamı kimi təqdim etdi. Tayvan isə Çin Respublikasının davam etdiyini bildirdi.

Aradan 70 ildən çox vaxt keçməsinə baxmayaraq, bu mübahisənin izi hələ də qalır.

Pekin müharibə illərində Kommunist Partiyasının rəhbərlik etdiyi qüvvələrin Yaponiyaya qarşı müqavimətdə rolunu xüsusi vurğulayır. Tayvan isə müharibə dövründə Çini təmsil edən hökumətin Çin Respublikası olduğunu önə çəkir.

Bu yanaşmaların hər ikisi 1940-cı illərin Çin tarixində baş verən hadisələrin fərqli siyasi izahına əsaslanır. Ancaq bu gün həmin tarixə verilən qiymət artıq yalnız tarixçilərin müzakirə etdiyi məsələ deyil. Çin və Tayvan arasında siyasi qarşıdurmanın bir hissəsinə çevrilib.

Pekinin Tayvanı “şəhidləri alçaltmaqda” ittiham etməsi də bunun göstəricisidir. Çin hökuməti üçün İkinci Dünya müharibəsi ölkənin milli tarixinin mühüm hissəsidir. Həmin müharibədə kimin hansı rolu oynadığı barədə mübahisə  müasir Çin dövlətinin tarixinin necə təqdim olunması ilə birbaşa əlaqəlidir.

1945-ci ildə Yaponiya təslim oldu və İkinci Dünya müharibəsi başa çatdı.

Lakin Çində siyasi qarşıdurma davam etdi. Dörd il sonra ölkədə iki ayrı siyasi hakimiyyət formalaşdı. Bu gün Pekin və Taypey arasında yaşanan gərginliyin tarixi kökləri də həmin dövrə gedib çıxır.

İndi isə həmin tarixin ayrı-ayrı səhifələri müxtəlif məqsədlərlə yenidən siyasi gündəmə gətirilir.

Müharibə çoxdan başa çatıb. Ancaq onun qalıqları hələ də hiss olunur və Pekinlə Taypeyin  siyasi mövqelərində kök salıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər