“Böyük Britaniya” "Kiçik Britaniya" olmaq yolundadır

“Böyük Britaniya”  "Kiçik Britaniya" olmaq yolundadır
14.09.2026 15:15 Təhlil
Böyük Britaniya parçalanma ərəfəsindədir. 

Bu gün Uelsin paytaxtı Kardiffdə Uels, Şotlandiya və Şimali İrlandiyanın birinci nazirləri – Rhun ap Iorwerth, John Swinney və Michelle O’Neill, həmçinin Sinn Féin lideri Mary Lou McDonald bir araya gəlirlər. Onlar partiya liderləri statusunda anlaşma memorandumu imzalayırlar. Sənəddə açıq şəkildə deyilir ki, bu millətlərin öz müqəddəratını təyin etmək hüququ var, Westminster-in bu dəyişikliyə hazırlaşması tələb olunur və gələcək Avropa İttifaqındadır.

Uels və Şotlandiya müstəqil olub Aİ-yə qoşulmaq, Şimali İrlandiya isə İrlandiya Respublikası ilə birləşmək niyyətini rəsmiləşdirirlər. 

İlk dəfə olaraq hər üç devolusiya hökumətinin başında müstəqillik və ya birləşmə tərəfdarı qüvvələr dayanır.
Şotlandiyada dəstək 45-50 faiz arasında dəyişir, Uelsdə və Şimali İrlandiyada isə rəqəmlər yüksəlməkdədir. Referendum hələ təyin edilməyib, London “off limits” deyir, lakin siyasi təzyiq artıq formalaşıb və momentum yaranıb. Konstitusiya dəyişikliyi, iqtisadiyyat, enerji və Avropa ilə əməkdaşlıq mövzuları masadadır.

Bu, Birləşmiş Krallığın daxili birliyinin kövrəkliyini açıq nümayiş etdirir.Bu prosesi təcrid olunmuş daxili hadisə kimi qiymətləndirmək səhv olar. Qərbin Yaxın Şərqdə və Şərqi Avropada alovlandırdığı, yaxud uzatdığı konfliktlər – enerji böhranı, migrasiya axınları, iqtisadi gərginlik və beynəlxalq etimadın zəifləməsi – artıq öz bəhrəsini verməyə başlayıb.

Brexit-dən sonra yaranmış narazılıq, mərkəz-periferiya ziddiyyətləri və qlobal qeyri-sabitlik milli hərəkatları gücləndirib. Nəticədə ən ənənəvi və sabit görünən dövlətlərdən biri daxildən sarsılır. 

Əlbəttə, dərhal dağılma baş verməyəcək. Hüquqi maneələr, iqtisadi risklər və referendum tələbləri hələ qüvvədədir. Lakin Kardiff görüşü göstərir ki, “status-kvo” artıq dayanıqlı deyil.

Böyük Britaniyanın parçalanma ssenarisi siyasi reallığa çevrilməkdədir və bu, Qərbin öz yaratdığı gərginliklərin əks-sədasıdır. 

Jalə Rövşən 
XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər