BMT-yə alternativ platforma yaradılır? - Azərbaycan dəvəti qəbul etdi

Təhlil

21.01.2026 14:02

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.

Bəs  Azərbaycanın Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına təsisçi üzv kimi qoşulması ölkə üçün hansı praktik imkanlar və məsuliyyətlər yaradır?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki,  Sülh Şurasına dəvət Azərbaycan Prezidentinin və dövlətinin nüfuzunu göstərir:


"Təbii ki, ölkəmizin Sülh Şurasına dəvət alması bir daha onun nüfuzuna işarədir. Azərbaycan dövləti, bir qayda olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq proseslərdə, sülh quruculuğu və təhlükəsizliyin təmin olunması məsələlərində yaxından və fəal iştirak edir. Əksər hallarda ölkəmiz həm təşəbbüslər irəli sürür, həm də praktiki addımları ilə yadda qalır. Bu baxımdan düşünürəm ki, Donald Tramp tərəfindən Sülh Şurasına dəvət alması müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan dövlətinin və Prezidentinin kifayət qədər nüfuzlu və təsirli rolunun göstəricisidir".

Analitik qeyd edib ki, Sülh Şurası artıq yalnız Qəzzaya yönəlmir:

"Məlumat üçün qeyd edim ki, Sülh Şurası haqqında ideya ötən ilin noyabr ayında irəli sürülmüşdü. Təşəbbüsün mahiyyəti əsasən Qəzzada sabitliyin təmin olunması, quruculuq və bərpa işlərinin həyata keçirilməsi, həmçinin bu xarakterli digər məsələlərlə bağlı idi. Amma 2026-cı ilin yanvar ayının ortalarında gördük ki, məsələnin xarakterində ciddi dəyişiklik baş verib. Belə ki, potensial iştirakçı ölkələrə göndərilən dəvət sənədlərində artıq Qəzza adı istifadə olunmur. Düzdür, daimi üzv olacaq dövlətlərdən toplanacaq bir milyard ABŞ dolları qədər vəsait Qəzzanın bərpa işlərinə sərf olunacaq, bu sənədlərdə göstərilir. Amma bütövlükdə Sülh Şurasının yaradılmasının motivləri birbaşa Qəzzada işlərin görülməsi ilə bağlı deyil".

Ekspertin qənaətincə, Sülh Şurası BMT-yə alternativdir:

"Bu nədən xəbər verir? Bu, Sülh Şurasının təxmini olaraq BMT Təhlükəsizlik Şurasına və ümumilikdə BMT-yə alternativ perspektivlərə sahib olan bir qurum kimi nəzərdən keçirildiyini göstərir. Xatırlatmaq yerinə düşər ki, Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ BMT-nin bir sıra strukturları ilə fəaliyyətini dayandırmışdı. Trampın açıq şəkildə bildirdiyi kimi, BMT bir çox məsələlərdə səmərəli platforma rolunu oynaya bilmir. Xüsusilə Qəzzada baş verənlərlə bağlı bunu səsləndirən Donald Tramp, çox güman ki, Sülh Şurasını ekspertlərin də əsaslandırdığı kimi BMT-yə alternativ beynəlxalq platforma kimi nəzərdən keçirir".

E.Mirbəşiroğlu sonda əlavə edib ki, Sülh Şurasındakı yerimiz Prezidentimizin nüfuzunu göstərir: 

"Bu baxımdan düşünürəm ki, belə bir platformada ölkəmizin yer alması bizim nüfuzumuzdan, təsir imkanlarımızdan və güclü təşəbbüslərimizdən qaynaqlanır. Donald Trampın Azərbaycanın bu yerini qiymətləndirməsi eyni zamanda Tramp administrasiyasının ölkəmizə konstruktiv yanaşmasının göstəricisidir. Bütün hallarda hesab edirəm ki, bu, Prezidentimizin praqmatik xarici siyasətinin nəticəsidir. Ölkəmiz getdikcə beynəlxalq münasibətlər sistemində daha təsirli iştirakçıya çevrilir. Azərbaycan dövlətinin və Prezidentinin təşəbbüsləri, praktiki addımları beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir. Ölkəmizə ünvanlanan dəvət də bunu bir daha təsdiqləyir".

 Jalə Rövşən

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,BMT,Platforma,Todaypress.tv,