Beynəlxalq sularda nüvə həyəcan: Rusiya və Koreya nüvə gücünü birləşdirir?
Təhlil
30.12.2025 21:00
Rusiya yük gəmisi "Ursa Major" Şimali Koreyaya nüvə reaktorları daşıyarkən İspaniya sahillərinə yaxın beynəlxalq sularda batıb. Gəmidə iki VM-4SG nüvə reaktor başlığı və digər reaktor komponentləri olub, onların nüvə yanacağı olub-olmadığı məlum deyil. İki heyət üzvü itkin düşüb, 14 nəfər xilas edilib. Gəminin təyinat yeri Şimali Koreyanın Rason limanı olub. Rusiya hərbi gəmiləri hadisə yerində nəzarət və kəşfiyyat əməliyyatları aparıb.
Bəs Rusiya və Şimali Koreya arasında nüvə texnologiyası ticarətini regional təhlükəsizliyə təhdid hesab etmək olarmı?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya və Şimali Koreya qlobal təhlükəsizlik üçün ciddi nüvə riski yaradır:
"Həm Rusiya, həm də Şimali Koreya hazırda qlobal təhlükəsizlik sistemi üçün ciddi problem yaradan dövlətlərdir və ümumiyyətlə, bu iki ölkə qlobal təhlükə mənbəyi hesab olunur. Rusiya Ukraynanı işğal etməklə Avropa ölkələrini müharibə ilə təhdid edir, Şimali Koreya isə bir tərəfdən Rusiyaya Ukraynanın işğalında dəstək verir, digər tərəfdən isə kütləvi qırğın silahları əldə etməklə ABŞ-ni, Yaponiyanı və Cənubi Koreyanı hərbi zərbələrlə təhdid edir. Hər iki ölkə həddindən artıq aqressiv və təhlükəli davranışları ilə diqqət çəkir".
Analitik qeyd edib ki, bu əməkdaşlıq ciddi qlobal təhlükə yaradır:
"Buna görə də Rusiya və Şimali Koreyanın müasir nüvə texnologiyaları üzrə əməkdaşlığını və ticarətini bütün dünya üçün böyük təhlükə saymaq olar. Həm Rusiya, həm də Şimali Koreya nüvə dövlətidir və hər an gözlənilməz, proqnozlaşdırılmayan addımlar atmağa qadirdir. Üstəlik, hər iki ölkə beynəlxalq rəqiblərini davamlı olaraq hərbi zərbələrlə təhdid edir, bu isə onların rəqiblərini daim nüvə təhlükəsi qarşısında qoyur. Bu baxımdan demək olar ki, Rusiya və Şimali Koreya nüvə texnologiyası ticarəti ilə əlaqədar yalnız regional deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir".
Jalə Rövşən
tag: Analtik,Rusiya,Koeya, Beynəlxalq, todaypress.tv,
