Beynəlxalq güclər İranın taleyini həll edir – SAYILI GÜNLƏR...
Təhlil
14.01.2026 16:13
Almaniya Kansleri Fridrix Merts İran rejiminin sona çatmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, rejim son günlərini yaşayır.
Bu, İranla bağlı beynəlxalq mövqelərin sərtləşdiyini göstərirmi?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, İran rejimi həm daxildə, həm də beynəlxalq aləmdə zəif vəziyyətdədir:

"İran rejimi ilə bağlı vəziyyət həqiqətən də olduqca kritikdir. Həm daxili, həm də beynəlxalq amillər bu rejimi qəbul etmir; yəni rejimin potensialı demək olar ki, tükənib".
Ekspert qeyd edib ki, İran xalqı bu rejimi qəbul etmir:
"Beynəlxalq aləm və böyük güclər də artıq rejimin sona çatması üzərində düşünür. Sadəcə, məsələ ondadır ki, rejimin hələ gücü, silahı, tərəfdarları, nüvə və raket proqramı mövcuddur. Rejim özünü qoruyur və ona qarşı çıxan xalqı, təbii ki, güllələyir, dağıdır. Artıq minlərlə insanın həyatını itirdiyi bildirilir. Düzdür, dəqiq məlumat yoxdur, amma yayılan videolardan görünür ki, çoxsaylı insanlar öldürülüb və etirazçılar güllələnib. Bu, sıradan bir hadisə deyil. Rejim artıq həyat uğrunda, ölüm-qalım savaşı aparır. Beynəlxalq düzən, konkret olaraq ABŞ və Trampın atacağı addımlar isə bu dəqiqə hamının diqqət mərkəzindədir. Trampın hansı qərarı verəcəyi gözlənilir. O, əvvəlcədən dəfələrlə xəbərdarlıq etmişdi. Hazırda amerikalılar ölkədən çıxarılır, bu isə Amerikanın mümkün sərt addımlar atacağı ehtimalını artırır".
Ə.Mustafa sonda əlavə edib ki, ABŞ-nin hücumu gözlənilir:
"Bu addımların dəqiq necə, nə vaxt və hansı nəticələrlə həyata keçiriləcəyi isə hələ məlum deyil. Lakin ehtimal etmək olar ki, yaxın günlərdə Amerikanın hücumu mümkündür və əsas hədəf rejim rəhbəri və onun müdafiəçiləri olacaq. Onlar çalışırlar ki, Amerika ilə müəyyən anlaşma əldə etsinlər; lakin insanların qanının tökülməsi artıq gecikməyə imkan vermir. İran rejimi demək olar ki, son günlərini yaşayır".
Jalə Rövşən
tag: Əli Mustafa,Politoloq,İran,Almaniya,Todaypress.tv,
