Bağdaddan strateji cavab: Bu, sadəcə təlim deyil!
Təhlil
26.01.2026 14:33
“İraq ordusunun təlimləri adi döyüş hazırlığı tədbiri deyil, regionda dəyişən geosiyasi və təhlükəsizlik reallıqlarına Bağdadın verdiyi strateji və qabaqlayıcı cavabdır”.
Politoloq Tural İsmayılov bunu İraq ordusunun Suriya ilə sərhəddə başladığı genişmiqyaslı hərbi təlimləri TodayPress TV-yə şərh edərkən bildirib.

Onun sözlərinə görə, İraq Silahlı Qüvvələrinin 2026-cı ilin yanvarında Suriya ilə təxminən 600 kilometrlik sərhəd xətti boyunca həyata keçirdiyi hərbi təlimlər, ilk növbədə, Suriyada formalaşan yeni keçid dövrü və bu prosesin yaratdığı təhlükəsizlik boşluqları ilə birbaşa əlaqəlidir:
“Əhməd əl-Şaraa hökumətinin təşəkkül tapdığı mərhələdə mərkəzi idarəetmənin zəifləməsi regionda xaos riskini artırır və bu riskin İraq ərazisinə transfer olunması real təhlükə kimi dəyərləndirilməlidir. Xüsusilə Suriyanın şimal-şərqində mərkəzi hökumət qüvvələri ilə ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş verən silahlı toqquşmalar İraqın qərb sərhədlərini həssas təhlükəsizlik zonasına çevirib. Yanvar ayının əvvəlindən etibarən bu bölgədə müşahidə olunan qarşıdurmalar Bağdad üçün “xaosun yayılma effekti” riskini artırır. İraq bu təlimlərlə sərhədin o tayında yaranan idarəetmə boşluğundan istifadə edə biləcək İŞİD qalıqlarının və digər radikal qruplaşmaların ölkə ərazisinə sızmasının qarşısını almaq məqsədilə faktiki olaraq keçilməz bufer zona formalaşdırmağa çalışır”.
Tural İsmayılov qeyd edib ki, mövcud hərbi aktivliyin digər mühüm səbəblərindən biri də İŞİD məhbuslarının transferi ilə bağlı artan risklərdir:
“ABŞ Mərkəzi Komandanlığının Suriyadakı düşərgələrdən təxminən 7000-ə yaxın İŞİD üzvünün İraqa köçürülməsi planı, eləcə də Şəddadi həbsxanasında baş verən fərarilik cəhdləri İraq ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib. Bu təlimlər, eyni zamanda İraqın daxili təhlükəsizlik arxitekturasını gücləndirməyə yönəlmiş preventiv addımdır”.
Analitik vurğulayıb ki, beynəlxalq koalisiya qüvvələrinin bölgədən çıxmasından sonra İraq bu cür manevrlərlə öz hərbi-siyasi suverenliyini nümayiş etdirir:
“Xüsusilə Eyn əl-Əsəd bazasının tam şəkildə İraq nəzarətinə keçməsi fonunda Bağdad göstərir ki, artıq kənar hərbi dəstəyə möhtac deyil. Bu, İraqın regionda yaranan güc vakuumunu milli ordunun mobil və çevik bölmələri vasitəsilə doldurmaq niyyətinin açıq göstəricisidir”.
Sonda politoloq bildirib ki, İraqın sərhəd boyunca apardığı bu hərbi təlimlər uzunmüddətli təhlükəsizlik strategiyasının tərkib hissəsidir:
“Bu addım Suriyadakı qeyri-müəyyən keçid prosesinin İraqın daxili sabitliyini pozmasına imkan verməyən preventiv müdafiə doktrinasının praktik tətbiqidir. Beton sərhəd divarları və texnoloji monitorinq sistemləri ilə sinxronlaşdırılan təlimlər Bağdadın özünü regionda sabitlik adası kimi möhkəmləndirmək niyyətini təsdiqləyir”.
Qiymət Mahir
tag: İraq,Təlim,Bağdad,Suriya,Todaypress.tv,
