Ankaradan qlobal hərbi həmlə: Türkiyə NATO-ya alternativ yaradır?

Təhlil

14.01.2026 16:01

Ankara Pakistan və Səudiyyə Ərəbistanı ilə üçlü hərbi ittifaq qurmağı nəzərdən keçirir. “Bloomberg”in məlumatına görə, bu addım regionda güc balansına ciddi təsir göstərə bilər, lakin rəsmi qərar hələ açıqlanmayıb. 

Maraqlıdır,   Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasındakı mümkün ittifaq bölgənin təhlükəsizliyini necə formalaşdıracaq? Bu ittifaqın bölgəyə faydaları nə ola bilər?

Məsələ ilə bağlı TodayPress  TV-yə danışan türkiyəli politoloq Aydın  Sezer bildirib ki,  Pakistan və Səudiyyə Ərəbistanı ilə müdafiə təşəbbüsü ehtiyatla qiymətləndirilməlidir:


"Mediada tirajlanan, Pakistan və Səudiyyə Ərəbistanı ilə ortaq müdafiə təşəbbüsü barədə xəbərləri ehtiyatla qiymətləndirmək lazımdır. Bu, Türkiyənin əvvəllər Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS ilə qurduğu əlaqələr kimi yeni bir təşəbbüs ola bilər. Lakin hər zaman olduğu kimi, bu təşəbbüs eyni zamanda daxili siyasətdə müəyyən gündəm yaratmaq məqsədinə də xidmət edir". 

Ekspert qeyd edib ki, paktın təsiri məhduddur:

"Deyə bilərəm ki, Səudiyyə Ərəbistanı-Pakistan müdafiə paktı NATO kimi qurumlar siyasi perspektivə malik ola bilməz. Əslində, Türkiyənin NATO öhdəlikləri çərçivəsində belə bir təşəbbüsü ciddi qəbul etmək mümkün deyil. Bu müdafiə paktı, İsrail-Yunanıstan-Kipr təşəbbüsünə cavab olaraq nəzərdə tutula bilər. Lakin Səudiyyə Ərəbistanı və Pakistanın Aralıq dənizi ölkələri olmaması bu məqsədi əvvəldən zəiflədir. Səudiyyə Ərəbistanının yaxın gələcəkdə "Abraham" Sazişinə qoşulacağını nəzərə alsaq, İsrailə qarşı bir müqavimət cəbhəsi yaratması da mümkün görünmür".

Analitik əlavə edib ki, ittifaq əsasən müdafiə əməkdaşlığı və təlimlər üçün nəzərdə tutulub: 


"Bu pakt üç ölkə arasında müdafiə əməkdaşlığı və müdafiə sənayesinin inkişafı üçün ortaq zəmindən ibarət ola bilər. Həmçinin bu ölkələr tərəfindən birgə hərbi təlimlərin keçirilməsi də gözlənilir. Lakin bunun ətrafında daha geniş təsir sahəsi olacağını düşünmürəm. Görünür, Pakistanın nüvə gücünə malik olması Türkiyənin diqqətini çəkir. Xatırladım ki, Türkiyə, Azərbaycan və Pakistan arasında da çox güclü əməkdaşlıq mövcuddur". 

Onun sözlərinə görə, hazırda Türkiyə bölgədəki ittifaqlarda, xüsusən də hərbi ittifaqlarda yeni imkanlar axtarır. Bununla yanaşı, Türkiyədə inkişaf edən müdafiə sənayesi də bu ehtiyacı tələb edir.

Politoloqun fikrincə, NATO üzvlüyü Türkiyənin regional ittifaqlardakı imkanlarını məhdudlaşdırır:

"Lakin Türkiyənin NATO üzvü olması və NATO ilə qurumsal, hüquqi bağlılığı Türkiyənin bu regional ittifaqlardakı mövqeyini də müəyyən qədər məhdudlaşdırır. Çünki sual yaranır: Türkiyə nə qədər irəliləyə, nə edə bilər? NATO öhdəlikləri və bağlılıqları çərçivəsində bunu nəzərə almaq lazımdır".

Aydın Sezer sonda xüsusilə vurğulayıb ki, Türkiyə-Azərbaycan əlaqələri sadəcə əməkdaşlıqdan daha dərin siyasi bağdır:

"Regional ittifaqlar məsələsində Türkiyə-Azərbaycan münasibətlərinə gəldikdə isə yanaşma bir qədər fərqli olmalıdır. Çünki Türkiyə ilə Azərbaycan hər hansı iki ölkə kimi sadəcə əməkdaşlıq və ya müdafiə birliyi axtarmır. Bu, daha böyük siyasi mənaya malikdir. Bu  "Bir millət, iki dövlət" prinsipi çərçivəsində inkişaf etdirilən münasibətlərdir. Buna görə də bu məsələyə ayrıca diqqət yetirmək lazımdır".

 Jalə Rövşən

TodayPress  TV

tag: Aydın Sezer,Politoloq,Türkiyə,Pakistan,Səudiyyə Ərəbistanı,Todaypress.tv,