Ağ Evdə kritik razılaşma: Tramp sülhə yaxın, Rusiya isə prosesə sədd çəkir
Təhlil
29.12.2025 17:20
İtaliyanın “Corriere della Sera” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılan danışıqlar yekunlaşıb.
Məlumata görə, Zelenski hazırda Avropa liderləri ilə, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə ayrıca danışıqlar aparır.

Qeyd edilir ki, tərəflərin danışıqların nəticələrini yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək məqsədilə birgə mətbuat konfransı keçirməsi gözlənilir.
Maraqlıdır, bu dəfə müharibə həqiqətən sona yaxınlaşır?
Sözügedən prosesləri TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, ABŞ-nin Ukrayna və Rusiya ilə ayrı-ayrılıqda apardığı danışıqlarda əsas razılaşma konturları artıq Vaşinqton və Kiyev arasında formalaşıb:

“Hazırda mümkün razılaşmanın əsas parametrlərinin böyük hissəsi ABŞ və Ukrayna arasında razılaşdırılıb. Buraya Kiyevin ABŞ və Avropa ölkələrindən almalı olduğu təhlükəsizlik zəmanətləri də daxildir. Vaşinqton bu zəmanətlərlə bağlı sənədi ratifikasiya üçün Senata təqdim etməyə hazırdır və sənəd NATO nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanıb”.
Ekspert vurğulayıb ki, razılaşma yolunda əsas maneə Rusiyanın mövqeyi olaraq qalır:
“Rusiyanın istənilən sülh sənədi çərçivəsində Donbasın bütün ərazisinə nəzarət tələbi prosesi dalana dirəyən əsas amildir. ABŞ tərəfi atəşkəs ideyasını dəstəkləsə də, bunun logistik baxımdan çətin həyata keçiriləcəyini açıq şəkildə etiraf edir”.
B.Həsənbəyli qeyd edib ki, aparılan müzakirələr nəticəsində ABŞ prezidentinin irəli sürdüyü sülh planında ciddi ixtisarlar aparılıb:

“Həm ABŞ–Ukrayna, həm də ABŞ–Rusiya arasında aparılan müzakirələr fonunda 28 maddəlik sülh planı 20 maddəyə qədər azaldılıb. Zelenskinin Trampla görüş öncəsi 90 faizlik razılaşmanın əldə olunduğunu elan etməsi isə daha çox ABŞ prezidentinin siyasi aktivini gücləndirməyə hesablanmış addım idi. Trampın sülhə yaxın olduqları barədə bəyanatları da bunun davamıdır”.
Politoloqun fikrincə, real vəziyyət ictimaiyyətə təqdim edildiyi qədər nikbin deyil:
“Razılaşdırılmayan çox ciddi məqamlar var. Xüsusilə təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın ciddi narazılığı mövcuddur. ABŞ və Aİ ölkələrinin verəcəyi zəmanətlərin real icra mexanizmi sual altındadır. Unutmayaq ki, oxşar zəmanətlər 1994-cü ildə də Ukraynaya verilmişdi, lakin nəticə ortadadır”.
Ekspert xatırladıb ki, əvvəlki razılaşmaların da icra olunmaması etimadı tamamilə sıradan çıxarıb:
“2003-cü ildə Ukraynanın sabiq Prezidenti Kuçma ilə Putin arasında sərhədlərin toxunulmazlığı ilə bağlı razılaşma əldə olunmuşdu, amma ona da əməl edilmədi. Bu gün artıq Ukrayna ərazisində II Dünya müharibəsindən sonra Avropanın ən böyük münaqişəsi yaşanır”.
Bakir Həsənbəyli bildirib ki, NATO-ya üzvlük, Zaporojye AES kimi məsələlər də hələlik açıq qalır:

“Bu mövzular razılaşmanın ən problemli hissələrindəndir və tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur”.
Politoloqun sözlərinə görə, müharibənin səbəbi Rusiyanın ərazi ehtiyacı ilə bağlı deyil:
“Rusiyanın ərazi problemi yoxdur. Müharibədən öncə bu ölkədə 5 min kəndin boşalması ilə bağlı rəsmi statistika yayılmışdı, daha sonra isə 13 şəhərin faktiki olaraq boşaldılması barədə məlumatlar dərc edildi. Bu, Rusiyanın demoqrafik və daxili problemlərini göstərir. Münaqişənin əsas səbəbi yeni dünya düzəni uğrunda mübarizədir. ABŞ və Avropa yeni dünya düzənində Rusiyaya epizodik rol ayırmaq niyyətindədir. Rusiya isə bu düzəndə əsas oyunçu olmaq iddiası irəli sürür. Bu iddia isə artıq bir nəfərin şəxsi hikkəsinə çevrilib”.
B.Həsənbəyli əlavə edib ki, ABŞ Prezidenti münaqişənin tezliklə bitməsində maraqlıdır:
“Tramp bu münaqişəni həll edən lider kimi tarixə düşmək və öz siyasi aktivini gücləndirmək istəyir. Lakin mövcud proseslər göstərir ki, münaqişənin qısa müddətdə başa çatması real deyil”.
Politoloqun qənaətinə görə, qarşıdurma hələ uzun müddət davam edəcək:
“Gedişat onu göstərir ki, münaqişə ən azı 2026-cı ilin yarısına qədər davam edəcək”.
Qiymət Mahir
tag: Bakir Həsənbəyli,Politoloq,Ağ ev,Tramp,Todaypress.tv,
