AEBA-nın gözlənilməz açıqlaması: Kiçik razılaşma böyük atəşkəsə aparacaq?

Təhlil

29.12.2025 18:32

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında lokal atəşkəs haqqında daha bir razılaşmadan sonra Zaporojye Atom Elektrik Stansiyası yaxınlığındakı əsas elektrik xəttində təmir işləri başlayıb. Agentliyin mətbuat xidməti bu barədə "X" sosial media platformasında xəbər verib.

"AEBA-nın vasitəçiliyi ilə lokal atəşkəsdən sonra Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik xəttində mühüm təmir işləri başlayıb", - AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.


Maraqlıdır, bu kiçik razılaşma böyük atəşkəsə apara bilərmi?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında elektrik xəttində aparılan təmir işləri fonunda əldə edilən qısamüddətli lokal atəşkəsin genişmiqyaslı atəşkəsə yol açacağını real hesab etmədiyini bildirib: 


“Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında elektrik xəttində aparılan mühüm təmir işləri ilə bağlı Ukrayna ilə Rusiya arasında əldə edilən qısamüddətli lokal atəşkəsin ümumi cəbhə boyu atəşkəsə gedən yol olacağını düşünmürəm. Rusiya fundamental razılaşmalar olmayınca atəşkəsə getmək istəmir. Moskva bunu Ukraynanın mövqelərini möhkəmləndirmək və əlavə qüvvələr cəlb etmək üçün fürsət kimi qiymətləndirir”.

Politoloq vurğulayıb ki, Rusiya əvvəlki mərhələlərdə də beynəlxalq təzyiqlərə baxmayaraq atəşkəsə razı olmayıb:


“Rusiya beynəlxalq izolyasiya və təzyiqlər altında belə buna getmədi. İndi isə öz mövqelərinin gücləndiyini düşündüyü bir mərhələdə buna heç getməz”.

Ə.Orucov bildirib ki, mövcud beynəlxalq siyasi proseslər Kremlə əlavə özgüvən qazandırıb:

“Trampın Ukraynaya təzyiqləri və Qərblə dərin fikir ayrılıqları Putinə əlavə özgüvən yaradıb. Bu vəziyyət Moskvanın mövqelərini daha da sərtləşdirir”.

Ekspertin sözlərinə görə, cəbhədə baş verən son hadisələr Rusiyanın geri çəkilmək niyyətində olmadığını açıq şəkildə göstərir:

“Son dövrlər Ukraynanın dərinliklərinə doğru endirilən intensiv hava zərbələri və cəbhə boyu əməliyyatların genişlənməsi Rusiyanın dayanmaq niyyətində olmadığını bir daha əyani şəkildə təsdiqləyir”.

Qiymət Mahir

tag: Zaporojye,Atom Elektrik Stansiyası,Rusiya ,Moskva,Todaypress.tv,