2026-cı ildə yeni dünya düzəni formalaşacaq - ŞƏRH
Təhlil
15.01.2026 13:24
“2026-cı il yeni dünya düzəninin formalaşmasında başlanğıc mərhələ ola bilər. Görünən odur ki, Ağ Ev hazırda genişmiqyaslı qlobal əməliyyata start verib və bu prosesin prioritet məqsədi yeni dünya düzənini məhz ABŞ-nin maraqları çərçivəsində formalaşdırmaqdır”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırda yeni dünya düzəninin formalaşmasında həlledici hadisələr məhz Amerika Birləşmiş Ştatları ətrafında cərəyan edir. Çünki ABŞ qlobal nizamı öz strateji maraqlarına uyğun şəkildə yenidən qurmaq missiyasını üzərinə götürüb. Burada isə əsas amil Tramp administrasiyasının konkret və prioritet hədəflər müəyyən etməsidir.
“Birinci strateji hədəf Avropa İttifaqının (Aİ) ABŞ-nin əsas iqtisadi-ticari rəqibləri siyahısından kənarlaşdırılmasıdır. Burada əsas məqsəd Aİ-nin öz maliyyə-iqtisadi resursları vasitəsilə Vaşinqtonun iqtisadi yüksəlişinə müsbət töhfə verməsini təmin etməkdir. Ağ Ev Avropa ölkələrinin ticarət əlaqələrini daha çox ABŞ şirkətləri və onun istehsalı olan məhsullar üzərində qurmasını, beləliklə, Avropanın kapital və maliyyə axınının ABŞ-yə yönəlməsini hədəfləyir”, - deyə analitik vurğulayıb.
Xalidbəylinin fikrincə, ikinci mühüm məqam Vaşinqtonun Qrenlandiya, Kanada və Latın Amerikası üzərində birbaşa nəzarəti təmin etmək cəhdləri ilə bağlıdır. O bildirib ki, ABŞ Latın Amerikası ölkələrinə təsir mexanizmlərini gücləndirərkən, Qrenlandiyanı öz dövlət sərhədlərinə daxil etməyə, Kanadanı isə faktiki olaraq ölkənin ştatlarından birinə çevirməyə çalışır. Bu addımlar Vaşinqtonun qlobal məkanda həyata keçirdiyi genişmiqyaslı geostrateji planların tərkib hissəsidir.
"Nəhayət, ABŞ-nin dünya hegemonluğunu qorumaq və “mərkəzi jandarm” rolunu yaratmaq üçün atdığı növbəti addımlar NATO-nun birbaşa Vaşinqtondan asılı vəziyyətə gətirilməsinə yönəlib. Ağ Evin yanaşmasına görə, NATO mövcud formatda fəaliyyətini davam etdirə bilməz. Alyans ya tamamilə sıradan çıxmalı, ya da bütövlükdə Pentaqonun tabeliyində olan bir struktura çevrilməlidir”, - deyə siyasi şərhçi izah edib.
O bildirib ki, hazırda ABŞ Avropa ölkələri üzərindəki “təhlükəsizlik çətirini” geri çəkməklə müttəfiqlərini bu yeni reallığa uyğunlaşmağa məcbur edir.
Politoloq son olaraq vurğulayıb ki, Birləşmiş Ştatların ən əsas strateji hədəfi Çini qlobal meydanda ABŞ ilə üz-üzə qalan yeganə gücə çevirməkdir:
“Vaşinqton dünyanın maliyyə, iqtisadi və hərbi resurslarını öz nəzarəti altına almaqla Pekini zəiflətməyə çalışır. Bu kontekstdə Ukrayna müharibəsindən istifadə olunur. Belə ki, Rusiyaya müəyyən güzəştlər təklif etməklə onu Çindən uzaqlaşdırmaq hədəflənir”.
Aysel Mətləb
tag: Elçin Xalidbəyli,Politoloq,2026,Yeni dünya düzəni ,Todaypress.tv,
