Rusiya Qafqazda “kül eşələyir”: Nə axtarırlar?

Rusiya Qafqazda “kül eşələyir”: Nə axtarırlar?
12.09.2026 16:45 Araşdırma

Rusiya mediasının əsas xəbər resurslarını izlədikdə gündəmin kifayət qədər sıx olduğu görünür.

Həftə ərzində “İzvestiya”, "RİA Novosti, "TASS", "RT", “Kommersant” və digər aparıcı media qurumlarında əsas diqqət BRİKS sammitinə, Ukrayna cəbhəsindəki vəziyyətə, Rusiyaya dron hücumlarına və iqtisadi qərarlara yönəlib.

Bu günlərdə beynəlxalq gündəmin əsas mövzusu Vladimir Putinin Hindistana səfəri və BRİKS sammiti olub. Narendra Modi ilə görüş, çoxqütblü dünya, Qərbin siyasəti, enerji və iqtisadi əməkdaşlıqla bağlı mesajlar geniş işıqlandırılıb. Rusiya mediası sammiti Moskvanın Qərbdən kənar tərəfdaşlarla əlaqələrinin güclənməsi və beynəlxalq mövqeyinin möhkəmlənməsi kimi təqdim edib.

Ukrayna istiqamətində isə xəbər axını daha dinamik olub. Rusiya Müdafiə Nazirliyinin hesabatlarında cəbhədə irəliləyişlər və Ukrayna ordusunun itkiləri önə çıxarılıb. Eyni zamanda, 10–12 sentyabr gecələri Rusiya ərazisinə həyata keçirilən kütləvi dron hücumları geniş işıqlandırılıb. Bryansk, Kursk, Belqorod, Tula və digər regionlarda baş verən hadisələr gündəlik xəbərlərin əsas mövzularından birinə çevrilib.

Diplomatik gündəmdə Vladimir Putinlə Donald Tramp arasında telefon danışığına  xüsusi yer verilib.  Ukrayna məsələsi və mümkün diplomatik təmaslarla bağlı müzakirələr sülh prosesinin mümkün istiqamətləri fonunda təqdim edilib.

Ümumi gündəmlə yanaşı, Azərbaycan və Cənubi Qafqazla bağlı xəbərlərdə də diqqətçəkən informasiya xətti formalaşdırıblar.

Xüsusilə Azərbaycan–Rusiya münasibətləri ətrafında mənfi informasiya fonunun qabardılması nəzərdən qaçmır. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də Rusiya informasiya məkanında Azərbaycan və ölkə rəhbərliyi ilə bağlı təhqiramiz və təxribat xarakterli materiallardan danışaraq bu məsələnin artıq ikitərəfli münasibətlər kontekstində problemə çevrildiyini bildirib.

Qarabağ mövzusunda da oxşar xətt müşahidə olunur. Rusiya mediasının bəzi resurslarında bölgədəki mədəni irslə bağlı materiallar, erməni abidələrinin vəziyyəti və guya dağıdılan memoriallarla bağlı iddialar yenidən gündəmə gətirilib. Paralel olaraq Azərbaycandakı siyasi fəallar və daxili siyasi proseslərlə bağlı xəbərlərin seçilməsi ölkənin beynəlxalq informasiya imicinə təsir edə biləcək mövzuların önə çıxarıldığını göstərir.

Cənubi Qafqazın geosiyasi gündəmində isə əsas diqqət Zəngəzur dəhlizi və TRIPP layihəsinə, Ermənistanın Qərblə yaxınlaşmasına və Rusiyanın regiondakı rolunun dəyişməsinə yönəlib. Xəbərlərdə Moskvanın proseslərdən kənarda qalması, Ermənistanın ABŞ ilə  əməkdaşlığı və yeni nəqliyyat marşrutlarının regional balansı dəyişə biləcəyi barədə yanaşmalar diqqət çəkib.

Bununla yanaşı, Rusiya–İran təmaslarında “3+3” formatının önə çıxarılması Moskva və Tehranın Cənubi Qafqazdakı mövqelərini koordinasiya etmək cəhdləri kimi təqdim olunub.

Ermənistanla bağlı daha bir diqqətçəkən xətt ölkənin ABŞ–İran qarşıdurmasının mümkün yeni geosiyasi platformasına çevrilə biləcəyi barədə müzakirələrdir. Bu yanaşma regiondakı təhlükəsizlik balansının dəyişməsi və Ermənistanın Qərblə hərbi-siyasi əlaqələrinin genişlənməsi kontekstində təqdim olunur.

Azərbaycan–Türkiyə enerji əməkdaşlığı da bu fonda ayrıca diqqət çəkir. Bakı və Ankara arasında enerji, elektrik bağlantıları, yaşıl enerji dəhlizi və Zəngəzur istiqamətində nəqliyyat imkanları barədə xəbərlər Azərbaycan–Türkiyə tandeminin regional və Avropa enerji təhlükəsizliyində rolunun artması prizmasından işıqlandırılıb.

Beləliklə, monitorinqimizin yekununda deyə bilərik ki,  Rusiya mediasında üç əsas xətt önə çıxır:

BRİKS və Moskvanın beynəlxalq mövqeyi, Ukrayna müharibəsi və təhlükəsizlik məsələləri, eləcə də daxili iqtisadi sabitlik.

Azərbaycan və Cənubi Qafqaz xəttində isə bununla paralel olaraq informasiya mübarizəsinin daha aydın konturları görünür. Azərbaycan–Rusiya münasibətlərində mənfi informasiya fonunun qabardılması, Qarabağla bağlı mübahisəli narrativlərin yenidən dövriyyəyə buraxılması və Zəngəzur/TRIPP fonunda Rusiyanın regiondakı təsirinin azalması barədə yazılar bu baxımdan xüsusilə diqqət çəkir. Xəbərlərin böyük hissəsinin rəsmi açıqlamalara söykənməsi isə ümumi informasiya mənzərəsində Moskvanın mövqeyinin dominant olaraq qaldığını göstərir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər