NBA parketindən televiziya ekranına: Branson detektiv oldu!
“Nyu-York Niks” basketbol klubunun oyun qurucusu Ceylen Branson məşhur “Qanun və qayda: Xüsusi bölmə” serialında detektiv Cey Medison obrazını canlandırıb.
TodayPress TV xəbər verir ki, basketbolçu serialın 28-ci mövsümünün “Forsaken” adlı beşinci bölümündə rol alıb. Epizod noyabrın 6-na keçən gecə NBC telekanalında yayımlanıb.
Bölümdə Bransonun canlandırdığı obraz restoranda kapitan Oliviya Benson ilə görüşür. Benson Medisonu detektiv vəzifəsinə yüksəlməsi münasibətilə təbrik edir. Daha sonra o, əvvəlki saxlanılma əməliyyatı ilə bağlı təfərrüatları bölüşür. Bu məlumatlar Bensona araşdırmanı irəli aparmağa kömək edir.
Qeyd edək ki, Branson serialın pərəstişkarıdır. NBC-nin məlumatına görə, “Xüsusi bölmə”yə baxmaq basketbolçunun oyun günlərindəki gündəlik vərdişlərindən biridir.
Maraqlıdır ki, Oliviya Benson obrazını canlandıran Marişka Harqitey də “Nyu-York Niks”in azarkeşidir və komandanın oyunlarını mütəmadi olaraq tribunadan izləyir.
Namiq HUN