Kənd gəzintisi böyük insidentə çevrildi: Dediçi altı polis maşını axtardı!
“Nyukasl” klubunun müdafiəçisi Amar Dediç İngiltərənin Nortumberlend qraflığında ox və kamanla göründükdən sonra polis əməliyyatının mərkəzinə düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, futbolçunun və onun yanındakı şəxsin axtarışı üçün azı altı patrul avtomobili cəlb edilib.
Hadisəyə Nyukasl şəhərindən kənarda yerləşən su anbarının yaxınlığında iki kişinin silahla göründüyü barədə şahidin polisə məlumat verməsi səbəb olub. Əraziyə üzərində xüsusi nişanlar olan və nişansız bir neçə polis avtomobili göndərilib. Hadisə yerinə gələn qüvvələr arasında silahlı operativ müdaxilə qrupları da olub.
Nəticədə Dediç və onun yoldaşı hadisə yerindən təxminən 11 kilometr aralıda, nüfuzlu Darras-Holl rayonunda saxlanılıblar. Polis əməkdaşları avtomobilə baxış keçirərək ox və kamanı müsadirə ediblər. Daha sonra 24 yaşlı futbolçudan hadisənin təfərrüatları barədə izahat alınıb.
Polislərin Dediçlə söhbəti zamanı hadisə yerinə “Nyukasl”ın qapıçısı Mark Qillespi və komandanın sabiq müdafiəçisi Pol Dammett də gəliblər. Məlumata görə, onlar təsadüfən həmin ərazidən keçərkən dayanaraq kömək təklif ediblər.
Kişilərlə söhbətdən sonra polis ətrafdakılar üçün heç bir təhlükənin olmadığı qənaətinə gəlib. Hüquq-mühafizə orqanlarının nümayəndələri daha sonra avadanlığın, ehtimal ki, əyləncə məqsədilə istifadə edildiyini bildiriblər. Bununla belə, gün ərzində baş vermiş hadisə ilə bağlı araşdırma davam etdirilib.
Məlumata görə, Dediç və yanındakı şəxs şəhərdən kənarda gəzinti zamanı bir neçə ox da atıblar. Lakin onların hansı hədəfə atəş açdıqları bəlli deyil. Böyük Britaniyada ox və kaman, yaxud arbaletdən istifadə etməklə istənilən heyvan və quşun ovlanması qadağandır.
“Daily Mail”in yazdığına görə, “Nyukasl” rəhbərliyi futbolçuya qarşı intizam tədbiri görməyi planlaşdırmır. Bununla yanaşı, klubdaxili mənbələr hesab edirlər ki, oyunçu belə avadanlıqla kənd ərazisində gəzmək qərarı verməklə sadəlövhlük nümayiş etdirib.
Namiq HUN