Sabah leysan olacaq – XƏBƏRDARLIQ
Oktyabrın 6-7-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 6-sı gündüz yarımadanın bəzi yerlərində yağış qısamüddətli leysan xarakterli olacaq. Oktyabrın 7-si gecə və səhər yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Rayonlarda isə oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli olacağı bildirilir. Şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Qeyd olunur ki, yağıntılarla əlaqədar çaylarda sululuq arta bilər. Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.