Bir neçə saniyəyə məhv edir: Kiyevin gizli silahı üzə çıxdı
Ukraynanın paytaxtı Kiyev Rusiya pilotsuz uçuş aparatlarına qarşı “Blişk” adlı lazer silahı ilə müdafiə olunur.
TodayPress TV xəbər verir ki, bu barədə “BBC News Ukraine” məlumat yayıb.
Bildirilib ki, Ukraynanın “Carmine Sky” şirkəti paytaxtda düşmən dronlarını güclü lazer şüası ilə məhv etmək üçün nəzərdə tutulan qurğu yerləşdirib.
Məlumata görə, “Blişk” 2026-cı ilin noyabr ayının əvvəlində döyüş növbətçiliyinə başlayıb. Qurğunun lazer şüasının gücü 4 kilovat, hədəfi vurma məsafəsi isə 1 kilometrədəkdir.
Sistem kiçik FPV dronunu saniyənin hissələri ərzində, “Şahid” tipli pilotsuz aparatı isə bir neçə saniyəyə məhv edə bilir. Qurğu hava hədəflərini aşkarlamaq, izləmək və lazer şüası ilə gövdəsini yandıraraq sıradan çıxarmaq imkanına malikdir.
Şirkətdən bildirilib ki, döyüş növbətçiliyinin ilk günlərində hədəflərin vurulması ilə bağlı təsdiqlənmiş nəticə qeydə alınmayıb. Buna səbəb kimi lazer silahının effektivliyini azaldan buludlu hava və duman göstərilib.
Kübra Musayeva