Özbəkistan azərbaycanlı tələbələrin yeni ünvanına çevrilir?
Son illərdə Özbəkistanda ali təhsil sistemində həyata keçirilən islahatlar, universitetlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi və xarici tələbələr üçün yaradılan imkanlar ölkənin təhsil sahəsində mövqeyini gücləndirir. Bu proses Azərbaycanlı gənclərin Özbəkistan universitetlərinə marağını da aktuallaşdırır. Ortaq tarixi köklər, mədəni yaxınlıq və qardaşlıq münasibətləri iki ölkə arasında təhsil əlaqələrinin inkişafı üçün əlverişli zəmin yaradır.
Xaricdə ali təhsil almaq istəyən gənclər üçün universitet seçimi yalnız diplom əldə etmək deyil, həm də keyfiyyətli təhsil, peşəkar inkişaf və gələcək karyera imkanları baxımından mühüm qərardır. Bu baxımdan Özbəkistanın Azərbaycanlı abituriyentlər üçün təqdim etdiyi imkanlar, ölkənin ali təhsil sistemindəki yeniliklər və universitetlərarası əməkdaşlığın perspektivləri xüsusi maraq doğurur.
Today Press TV bu mövzuları Özbəkistanın Almalıq Dövlət Texniki İnstitutunun (ODTİ) rektoru Utkir Mirzəkamoloviçlə müzakirə edib.
Azərbaycanlı gənclərin Özbəkistanda təhsilə marağı artır
Özbəkistanın ali təhsil sistemində aparılan islahatlar, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və xarici tələbələr üçün yaradılan əlverişli şərait ölkənin təhsil potensialının inkişafına təsir göstərən əsas amillərdəndir.
ODTİ-nin rektoru Utkir Mirzəkamoloviçin sözlərinə görə, son illərdə Azərbaycan gənclərinin Özbəkistanda ali təhsil almaq imkanlarına marağı tədricən artır. O, bu tendensiyanı universitetlərarası əlaqələrin fəallaşması, təhsil proqramları ilə bağlı müraciətlərin artması və akademik əməkdaşlıq təşəbbüslərinin inkişafı ilə əlaqələndirir.
Rektor qeyd edib ki, Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, mədəni yaxınlıq, dil qohumluğu və ənənəvi dəyərlər birləşdirir. Bu amillər azərbaycanlı tələbələrin Özbəkistanda təhsil mühitinə uyğunlaşmasını asanlaşdırır.
Rektorun fikrincə, iki ölkə arasında tələbə mübadiləsi yalnız təhsil sahəsi ilə məhdudlaşmır. Bu proses gələcəkdə elmi, mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə də töhfə verə bilər.
Özbəkistanın ali təhsil sistemində hansı imkanlar var?
Xarici ölkədə təhsil seçiminə təsir edən əsas amillər sırasında tədrisin keyfiyyəti, təhsil və yaşayış xərcləri, təhlükəsizlik, eləcə də məzunların gələcək karyera perspektivləri dayanır. Özbəkistanın bu istiqamətlərdəki imkanlarından danışan rektor ölkənin ali təhsil sistemində baş verən yeniliklərə diqqət çəkib.
Özbəkistanın ali təhsil sistemindəki inkişaf beynəlxalq reytinq və statistik göstəricilərdə də əks olunur. Belə ki, 2027-ci il üzrə QS World University Rankings: Asia reytinqinə ölkənin 38 ali təhsil müəssisəsi daxil edilib. Onlardan 19-u ilk 1000-likdə, 6-sı ilk 500-lükdə, 2-si isə ilk 200-lükdə yer alıb. Digər tərəfdən, Times Higher Education təşkilatının 2025-ci il üzrə Impact Rankings reytinqində Özbəkistanın 59 universiteti təmsil olunub, onlardan 12-si dünyanın ilk 1000 ali təhsil müəssisəsi sırasına daxil edilib. Bu reytinq universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni qiymətləndirir. Dünya Bankının UNESCO statistikasına əsaslanan məlumatlarına görə isə 2025-ci ildə Özbəkistanda ali təhsilə ümumi cəlbolunma göstəricisi 59,8 faiz təşkil edib.
Onun sözlərinə görə, universitetlərdə müasir təhsil proqramlarının tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici müəllimlərin cəlb olunması və təcrübəyönümlü tədris modelinin inkişafı ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırır.
Rektor Özbəkistanın üstünlükləri sırasında təhsil və yaşayış xərclərinin bir sıra xarici ölkələrlə müqayisədə nisbətən əlçatan olmasını, təhlükəsiz və qonaqpərvər mühiti, həmçinin Azərbaycanla mövcud mədəni və dil yaxınlığını xüsusi qeyd edib.
O bildirib ki, ölkə universitetlərində mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, tibb, pedaqogika və digər sahələr üzrə təhsil imkanları genişlənir. Bu istiqamətlərdə nəzəri biliklərin istehsalat təcrübəsi və əmək bazarının real tələbləri ilə uzlaşdırılması da əsas prioritetlərdəndir.
Utkir Mirzəkamoloviçin sözlərinə görə, Özbəkistanın məqsədi yalnız xarici tələbələri qəbul edən ölkə olmaq deyil, həm də beynəlxalq təhsil və elmi məkanın fəal iştirakçısına çevrilməkdir.
Rektor bu yanaşmanı belə ifadə edib: əsas məqsəd xarici tələbələrə sadəcə diplom vermək deyil, onları beynəlxalq əmək bazarında rəqabət apara bilən yüksəkixtisaslı mütəxəssislər kimi yetişdirməkdir.
İkili diplom proqramları və tələbə mübadiləsi: Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni imkanlar
İki ölkə arasında təhsil əlaqələrinin inkişafı yalnız tələbələrin bir ölkədən digərinə üz tutması ilə məhdudlaşmır. Universitetlərarası birgə proqramların yaradılması, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, elmi tədqiqatların aparılması əməkdaşlığın daha sistemli xarakter almasına imkan verə bilər.
ODTİ rektoru hesab edir ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və qardaşlıq münasibətləri ali təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
O, gələcək əməkdaşlığın üç əsas istiqamət üzrə inkişaf etdirilməsini vacib hesab edir.
Birinci istiqamət akademik mobilliyin genişləndirilməsidir. Buraya tələbə və professor-müəllim heyətinin qarşılıqlı mübadiləsi, qısamüddətli təhsil proqramları, yay məktəbləri, elmi təcrübə proqramları və birgə akademik tədbirlər daxildir.
İkinci istiqamət birgə təhsil proqramlarının hazırlanmasıdır. Rektor xüsusilə mühəndislik, energetika, iqtisadiyyat, rəqəmsal texnologiyalar və sənaye sahələrində ikili diplom proqramlarının yaradılmasını perspektivli hesab edir. Onun fikrincə, bu proqramlar hər iki ölkənin iqtisadi inkişafı üçün zəruri olan yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edə bilər.
Üçüncü istiqamət isə elmi tədqiqat və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsidir. Rektor universitetlərin, elmi mərkəzlərin və sənaye müəssisələrinin birgə tədqiqat layihələrində iştirakını, beynəlxalq qrantların cəlb edilməsini və elmi nəticələrin praktikada tətbiqini mühüm hesab edir.
Utkir Mirzəkamoloviç əmindir ki, Azərbaycan və Özbəkistan universitetləri arasında əlaqələrin genişlənməsi yalnız təhsil və elmin inkişafına deyil, həm də iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.
Onun fikrincə, bu gün universitetlərdə təhsil alan gənclər gələcəkdə Azərbaycan və Özbəkistan arasında iqtisadi, elmi və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayacaqlar.
Gültac Mehdizadə