Braziliyada dəhşətli fəlakət: Bir şəhərdə 8 min ev dağıldı, ölənlər var
Braziliyanın cənubunda, Riu-Qrandi-du-Sul ştatının mərkəzi hissəsində yerləşən Tupansiretanda dolu və sürəti 30 m/s-dən çox olan külək ilə müşayiət olunan güclü fırtına baş verib, nəticədə yaşayış evlərinin demək olar ki, hamısına ziyan dəyib.
TodayPress TV xəbər verir ki, bu barədə “G1” xəbər portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Şəhər meri Qustavu Terranın qiymətləndirməsinə görə, 20 mindən çox əhalisi olan şəhərdə 8,6 min yaşayış binasından təxminən 8 mini dağılıb, zədələnib və ya dam örtüyü uçub. Ticarət və sənaye obyektlərinə, kənd təsərrüfatına və taxıl anbarlarına da ciddi ziyan dəyib. Yaşayış məntəqəsində elektrik və su təchizatı tamamilə pozulub, rabitədə də fasilələr müşahidə olunur.
Regionun Mülki Müdafiə Xidmətinin məlumatına görə, təbii fəlakət nəticəsində azı üç nəfər həlak olub. Zərərçəkənlərin dəqiq sayı hələ dəqiqləşdirilir. Şəhərin yeganə xəstəxanasının dam örtüyü və diaqnostika avadanlıqları sıradan çıxdığından zərərçəkənləri qonşu bələdiyyələrə təxliyə etmək lazım gəlir.
Milli Meteorologiya İnstitutunun məlumatına görə, fırtına zamanı küləyin sürəti 31,7 m/s-ə çatıb. Şəhərin küçələri dolu, aşmış ağaclar, dirəklər və binaların dağıntıları ilə örtülüb.
Aysel Mətləb