Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY
Ekstrasens Zirəddin Rzayev gündəlik olaraq sosial media hesabında canlı yayım açaraq, izləyicilərin suallarını cavablandırır, məsələ ilə bağlı hiss etdiyini deyir. Son yayımlarının birində gələn sual və verilən cavab isə müzakirələrə səbəb olub. Belə ki, müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı gələn müraciətə "5 ildən bir keçirilir?" sualını ünvanlayıb. Cavabı aldıqdan sonra həmin insana bu il MİQ imtahanında uğurlu ola bilməyəcəyini, gələn il bəxtini yoxlamağı məsləhət görüb.
Bəli, MİQ hər il keçirilən müsabiqədir. Görüntülərdən sonra Zirəddin Rzayev qınaq obyekti olub. Səbəb də verdiyi sualdır. Ekstrasensin canlı açması digər kiçik yəni tanınmayan baxıcıların bu yolla pul qazandıqları məsələsini gündəmə gətirib. Onların yayımına baxanda izləyicilərin çoxluğu insanı daha təəccübləndirir. Deyirlər ki, "Fala inanma, falsız da qalma". Yəqin onlar da bu məsələ əsaslanırlar.
Qəribədir ki, hədəf Zirəddin Rzayev və onun timsalında olanlardır. Heç kim soruşmur ki, müəllimliyə namizəd olan şəxs MİQ imtahanından keçib-keçməyəcəyini niyə ekstrasensdən soruşur? Həmin insan savadına şübhə edirsə, uşaqlara hansı savadı verəcək, onlara nə öyrədəcək? Elm bizi cahillikdən kənar olmağı, əsası olmayanlara inanmamağı öyrədir. Bəs niyə hələ də yaşından fərqli olmayaraq, falçılara üz tutanlar çoxdur?
Təbii ki, buna səbəb maraqdır. İnsanlar dünəndən dərs çıxarıb, bu günü yaşamır. Həmişə gələcəyi təsəvvür edir, hansı işdə, ölkədə və ya kiminlə evli olacaqlarını düşünürlər.
İqtisadiyyatda belə bir ifadə var: bazar tələb və təklif əsasında formalaşır. Bu maraq olmasa, ekstrasenslərin də "bazarı" ölər. Ancaq zəmanə sübut edir ki, insanların qınadığı məşhurlar, filmlər və mahnılar çox vaxt daha populyar olub. "Linçləmək" üçün onları gündəmə gətirmək əvəzinə, yaxşı olduğunu düşündüyümüzləri şişirtməliyik.
Bir cümlə ilə desək, "bazar"ımızı özümüz formalaşdırmalıyıq.
Türkan İsgəndərli