Erməni yalanlarının ifşası: Moskva Olimpiadasındakı o görüntülər kimə məxsusdur?
Sosial şəbəkələrdə və bəzi platformalarda 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər paylaşılarak rəqqasların geyiminin Azərbaycan xalqına məxsus olduğu iddiası irəli sürülüb. Bu kadrlar üzərindən manipulyasiya edilərək Azərbaycanın mədəni irsinin təhrif olunmasına cəhd göstərilir. Məsələ sosial mediada gen-bol müzakirə olunaraq erməni səhifələrinin saxtakarlığı kimi kəskin etirazla qarşılanıb.
TodayPress TV xəbər verir ki, bu barədə professor, tarixçi Zaur Əliyev ətraflı məlumat verib.
O bildirib ki, sözügedən görüntülər Azərbaycan kollektivinə deyil, Ermənistan SSR-nin rəqs heyətinə məxsusdur.
Ekspert 1980-ci il Moskva Olimpiadasındakı rəsmi proqramı və Azərbaycanın həqiqi təmsilçiliyini diqqətə çatdırıb:
"Moskva Olimpiadasının açılış və bağlanış mərasimlərində SSRİ xalqlarının rəqs göstərişi təşkil olunmuşdu. Həmin rəsmi proqramda Azərbaycanı təmsil etmək üçün Azərbaycan Dövlət Rəqs Ansamblı və ölkənin müxtəlif aparıcı kollektivlərindən ibarət 120 nəfərlik heyət Moskvaya göndərilmişdi. Bakıda xüsusilə buna hazırlıq gedirdi. Ən çox önəm verilən isə geyim idi. Kişi rəqqaslar üçün nizam-intizamlı, üzəri incə buta və həndəsi naxışlarla işlənmiş milli çuxalar, ipək şalvarlar və başlarında uca kişi papaqlar hazırlanmışdı. Qadın rəqqasələrimiz üçün isə zərif taxçalı araqçınlar və uzun, al-qırmızı, tirmə parçadan tikilmiş milli geyimlər hazırlanmışdı. Sovet dövründə hər bir geyim və rəqs üzrə qəbul edilən normalar var idi. Azərbaycanın istər rəsmi dövlət tədbirlərindəki, istərsə də xalq dərnəklərindəki çıxışlarında geyimlər bu cür tünd yaşıl, al-qırmızı, tirmə naxışlı xalatlar (çuxalar) və nizamlı milli ornamentlərlə tənzimlənir. Kişilərin şalvarları heç vaxt dar və parlaq yaşıl rəngdə olmur, başlarına isə mütləq milli papaq qoyulur".
Tarixçi kadrlardakı insanların real rəqqaslar olduğunu, lakin geyim elementlərinin tamamilə erməni regional geyimlərinə aid edildiyini vurğulayıb:
"Bəli, bu kadrlar həqiqətən də 1980-ci il Moskva Olimpiadasının rəsmi açılış mərasimində canlı olaraq lentə alınıb. Şəkildəki insanlar həqiqi rəqqaslardır, geyimlər də tamamilə realdır. Görüntünün üzərində heç bir süni intellekt və ya qrafik dəyişiklik yoxdur. Bəs real nədir? Şəkildəki kişilərin ayağındakı dar yaşıl şalvarlar, bənövşəyi jiletlər və başlarındakı sarı-bənövşəyi çalmalı örtüklər tamamilə ermənilərin ənənəvi "Sünik" və ya "Sasun" regional səhnə geyimləridir. Geyim kombinasiyası, dar yaşıl şalvarlar, bənövşəyi jiletlər və kişilərin başındakı xüsusi sarğılar Ermənistanın regional xalq geyimlərinin səhnələşdirilmiş versiyasıdır. Şəkildə kişilərin başındakı ağ və bənövşəyi rəngli, ucları yana sallanan torba formalı və sarğılı örtüklər Ermənistanın "Sasun" və "Vaspurakan" regionlarına aid ənənəvi kişi baş geyiminin səhnə formasıdır. Sarı köynəklərin üzərindən geyinilən qısa bənövşəyi jiletlər erməni kişi geyimindəki aba və ya baçkon elementinin eynisidir. Geyimlərdə parlaq yaşıl, alovlu narıncı, sarı və bənövşəyi kombinasiya isə Ermənistan Dövlət Rəqs Ansamblının sovet dövründə formalaşdırdığı "modernləşdirilmiş folklor" üslubudur. Yaşıl və bənövşəyi rəngli geyimlər SSRİ Xalq artisti Vanuş Xanamiryanın erməni xalq rəqsləri üçün hazırlatdığı rəsmi səhnə kostyumlarıdır".
Professor görüntülərin üzərində aparılan audio-vizual manipulyasiyaları və arxiv faktlarını belə izah edib:
"Bu görüntülər Azərbaycan kollektivinə deyil, Ermənistan SSR-nin rəqs heyətinə məxsusdur. Erməni səhifələri sadəcə videonun üzərinə "Azərbaycan rəqsi" başlığını yazıb internetə yükləyiblər. Şahidlər videonun köhnə və real arxiv kadrı olduğunu görüb, üstündəki yazıya da avtomatik olaraq inanırlar. Digər önəmli məqam odur ki, stadiondakı orijinal çıxış zamanı tamamilə fərqli musiqi çalındığı halda, bu qısa çarxı internetə yükləyənlər fon hissəsinə sonradan kompüterdə Azərbaycan yallı musiqisini əlavə ediblər. 1980-ci il Moskva Olimpiadasının rəsmi açılış mərasiminin Dövlət Kino Fonduna aid tam versiyası mövcuddur. Həmin paradda SSRİ respublikaları növbə ilə çıxış edir. Bu konkret kadrlar paraddakı Ermənistan SSR heyətinin çıxış hissəsindən kəsilib. Bunun üçün Olimpiadanın rəsmi proqramı var. 9-cu sırada meydana Azərbaycan, 10-cu sırada isə Ermənistan daxil olur. Həmin rəsmi arxiv videolarının tam versiyasında (kəsilib montaj olunmamış orijinalında) 9-cu sırada gələn Azərbaycan rəqqasları ağ, qırmızı və tünd rəngli rəsmi çuxalarda, başlarında əsl papaqla çıxış edirlər. Bu fotoda isə 10-cu sırada meydana daxil olan erməni kollektivinin çıxış hissəsidir".
Zaur Əliyev çıxışındakı rəqs hərəkətlərinin və xoreoqrafiyanın Azərbaycan məktəbinə yad olduğunu xüsusi vurğulayıb:
"Beynəlxalq arxivlərdə, məsələn, elə "Instagram" platformasındakı rəsmi erməni mədəniyyət səhifələrində həmin yaşıl şalvarlı videoçarx "1980-ci il Moskva Olimpiadasında Ermənistan Dövlət Rəqs Ansamblının çıxışı" başlığı ilə paylaşılır. Videodakı rəqs "Yarkhuşta" (yaxud Sasun yallısı) adlanan erməni folklor rəqsinin elementləridir. Rəqqaslar əllərini bir-birinə çırparaq tullanırlar. Azərbaycanın qədim "Köçəri" və "Yallı" rəqslərində isə ifaçılar çiyin-çiyinə, qol-qola və ya çəkiçbarmaq üsulu ilə sıx birləşir, ritmik şəkildə yana addımlayırlar. Buradakı fiziki hərəkət forması Azərbaycan xoreoqrafiya məktəbinə tamamilə yaddır. Olimpiadanın açılış paradının kəsilməmiş tam sovet arxiv variantında respublikalar meydana daxil olarkən stadionun böyük elektron tablosunda və televiziya ekranında "Армянская ССР" titri yazılır. Videonu yayan manipulyatorlar sadəcə həmin rəsmi yazının göründüyü hissələri kəsib, yalnız rəqsin ortasını saxlayıblar ki, həqiqət gizli qalsın".
Mütəxəssis sözlərini yekunlaşdıraraq o dövrün inzibati tələblərinə diqqət çəkib:
"1980-ci il Olimpiadasının açılış mərasimi üçün hazırlıqlar düz 3 il əvvəldən başlanmışdı. Hər bir respublikanın çıxışı, xoreoqrafiyası və xüsusilə də geyimləri Moskvadakı Dövlət Komissiyası və SSRİ Mədəniyyət Nazirliyi tərəfindən eskiz-eskiz yoxlanılır, təsdiqlənir və mərkəzi büdcədən maliyyələşirdi. Heç bir respublika rəhbərliyi özbaşına geyimi dəyişə bilməzdi. Ona görə də təqdim edilən bu kimi saxta kadr və iddialara inanmaq düzgün deyil", - deyə Zaur Əliyev qeyd edib.
Türkan İsgəndərli