Deputat: “Uzun müddətdir ki, ailəmizdə siqaret çəkən yoxdur”
Sosial
15.01.2026 17:29
Türkiyədə tütün asılılığı ilə mübarizəni gücləndirmək məqsədilə açıq sahə kimi sayılan məkanlar qapalı hesab ediləcək. Nəticədə həmin məkanlarda siqaret çəkmək tamamilə qadağan olunacaq.
Maraqlıdır, analoji qərar ölkəmizdə də qəbul oluna bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bizdə bu qadağanın bir qədər başqa forması mövcuddur:
"Məsələn, qapalı məkanda siqaret çəkmək qadağandır. Eyni zamanda müəyyən yerlər var ki, orada siqaret çəkmək olar və ya qadağandır. Çox təəssüf ki, siqareti tamamilə qadağan etmək mümkün deyil. Çünki insanların bir qismi bu zərərli vərdişə bağlıdır".
Deputat əlavə edib ki, qadağa həmişə istənilən nəticəni vermir. Lakin cəmiyyətdə güclü anti-siqaret təbliğatı və əhval-ruhiyyəsi olmalıdır:
"Tanınmış şəxslər nümunə göstərməlidir. Siqaretin zərəri barəsində çoxsaylı videoçarxlar hazırlanmalı, saytlarda, qəzetlərdə və telekanallarda müvafiq verilişlər yayımlanmalıdır.
Eyni zamanda orta məktəblərdə də geniş təbliğat işi aparılmalıdır. Statistikaya görə, siqaret çəkənlərin əksəriyyəti orta məktəbin yuxarı siniflərində və ya universitetin aşağı kurslarında bu vərdişi əldə edirlər. Məsələn, nə mənim babam, nə atam, nə özüm, nə də oğlum siqaret çəkir. Bu da o deməkdir ki, bizim ailəmizdə 100 ildən artıqdır ki, siqaret vərdişi yoxdur".
Parlamentari qeyd edib ki, buna görə də orada güclü maarifləndirmə işləri aparılmalıdır ki, gənclər siqaretdən uzaq olsunlar.
Türkan İsgəndərli
tag: Aydın Mirzəzadə,Deputat,Tütün,Siqaret,Todaypress.tv,
