Tarixə düşəcək dəhşətli istilər – Beləsi olmayıb
2026-cı ilin sentyabr ayının meteoroloji müşahidələr tarixində ən isti sentyabr olması ehtimalı yüksəkdir.
TodayPress TV "Globalinfo.az"a istinadən xəbər verir ki, sentyabrın ilk 12 günündə qlobal orta hava temperaturu 16,58 dərəcə Selsiyə çatıb. Bu göstərici 2023-cü ilin sentyabrında qeydə alınan əvvəlki rekordu geridə qoyub.
Yaponiyanın JRA-3Q meteoroloji məlumatlarına əsasən də sentyabrın ilk 12 günündə qlobal orta temperatur 16,58 dərəcə təşkil edib.
Mütəxəssislər bildirirlər ki, 2023-cü ildə olduğu kimi, 2026-cı ildə də El-Nino hadisəsi qlobal temperaturun yüksəlməsinə təsir göstərib. Bu il El-Nino hadisəsinin daha güclü olduğu qeyd edilir.
Mövcud göstəricilər 2026-cı ilin sentyabrının müşahidələr tarixində ən isti sentyabr ola biləcəyini göstərir.
Qeyd edək ki, avqust ayı da qlobal temperatur baxımından rekord göstərici ilə yadda qalıb. “Copernicus”un məlumatına görə, 2026-cı ilin avqustunda qlobal orta səth temperaturu 16,96 dərəcə Selsi olub. Bu, avqust ayları üzrə qeydə alınan ən yüksək göstəricidir.
Bakıda isə sentyabrın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.