Pekin hansı halda müharibəyə qoşula bilər? – RƏY

Siyasət

06.03.2026 13:25

"Çin son illərdə həm hərbi, həm də iqtisadi gücünü artıraraq qlobal siyasətdə yeni qütb kimi formalaşmağa çalışır".

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik vurğulayıb ki, Çin öz müdafiə qabiliyyətini və iqtisadi imkanlarını sürətlə inkişaf etdirir:   

“Ötən ilin yayında Pekində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının konfransı və sonrakı proseslərdə Çin bir növ güc nümayişi etdirdi, hərbi parad təşkil edərək müasir silahlarını dünyaya göstərdi. 

Çin iqtisadi gücünü genişləndirərək demək olar ki, öz iqtisadi imperiyasını qurur. Bu isə göstərir ki, Pekin birqütblü dünya ilə razılaşmır və çoxqütblü sistemin formalaşmasına çalışır. Çin öz periferiyasında gücünü və müdafiə imkanlarını artıraraq yeni qütb yaratmağa çalışır”.

M.Əsədullazadə hesab edir ki, Çin hazırda kifayət qədər güclənib və növbəti mərhələdə ABŞ ilə qarşıdurma fonunda Vaşinqtonun qurmaq istədiyi birqütblü dünya modelini qəbul etməyəcək. 


Politoloqun fikrincə, Pekinin əsas prioritetlərindən biri Tayvan və Hind-Sakit okean regionunda geosiyasi mövqeyini gücləndirməkdir:  

“Çin bu regionda ABŞ-nin təsirinin genişlənməsinin qarşısını almağa çalışır və bunun üçün həm hərbi, həm də iqtisadi imkanlarını genişləndirir”.   

Siyasi şərhçi əlavə edib ki, ABŞ isə Rusiya-Çin-İran xəttini zəiflətməyə çalışır. 

Onun fikrincə, İrana qarşı mümkün müdaxilələr də məhz bu geosiyasi üçbucağı parçalamağa yönəlib. 

Analitik bildirib ki, Çin bu prosesləri diqqətlə izləyir və hədəfin özünə yaxınlaşdığını hesab edir. Əgər növbəti mərhələdə Çinin təhlükəsizliyinə təhdid yaranarsa, Pekin də müharibəyə qoşula bilər.

Aysel Mətləb

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq ,Pekin,MÜharibə,Todaypress.tv,