Türkiyə fələstinli qrupları Azərbaycanın üzərinə tökdü - ŞİFRƏLƏR
Ankarada Azərbaycan səfirliyinin qarşısında baş verən son aksiyalar arxasında dərin ideoloji köklər və təhlükəli planlar dayanan böyük bir oyunun görünən tərəfidir.
Bunlar küçələrə çıxıb şüarlar səsləndirən, zahirən regional hadisələrə reaksiya verən adi kütlə təsiri bağışlasalar da, əslində ölkədə “Köklü Değişim” adı altında pərdələnən radikal bir şəbəkənin təmsilçiləridir. Bəs bu hərəkatın arxasında duran, Türkiyə və region üçün gizli təhdid mənbəyinə çevrilən qrup kimdir?
Əldə etdiyimiz məlumata görə, bu mütəşəkkil strukturun arxasında ideoloji kökləri 1953-cü ildə Fələstində Təqiəddin ən-Nəbhani tərəfindən qoyulmuş şəriətçi “Hizb ut-Təhrir” təşkilatı dayanır. Təşkilatın əsas məqsədi müasir müsəlman dövlətlərini, onların milli sərhədlərini və dünyəvi quruluşunu ləğv edərək vahid dünya İslam xilafətini bərpa etməkdir. Özünü siyasi hərəkat kimi qələmə versə də, demokratiyanı, parlament sistemini və xalq iradəsini “Qərb mənşəli küfr” hesab edərək kökündən rədd edir.
Təşkilatın hakimiyyəti ələ keçirmək strategiyası üçpilləli təhlükəli plan üzərində qurulub. Belə ki, əvvəlcə gizli hüceyrələr vasitəsilə təbliğat aparıb kadr toplayır, sonra cəmiyyəti tədricən radikallaşdırır və nəhayət, hər hansı müsəlman ölkəsində ordunun və ya güc strukturlarının dəstəyini alaraq hakimiyyəti devirməyə çalışır. Şərqdə baza yaradıldıqdan sonra isə “domino effekti” strategiyası işə düşməlidir. Yəni qurulan xilafət mərkəzi digər müsəlman dövlətlərini də təzyiq, hədə və ya daxili iğtişaşlar yolu ilə özünə birləşdirməlidir. Ssenariyə baxın...
Ankaradakı aksiya bu qrupun ilk belə addımı da deyil. Hizb ut-Təhrir fəaliyyət göstərdiyi bir çox ölkədə oxşar təxribatçı və etiraz yönümlü aksiyalar təşkil etməsi ilə tanınır.
Təşkilat Ramallah və Ammanda yerli hakimiyyətə, Cakartada və Pakistanda Qərb ölkələrinin siyasətinə və səfirliklərinə qarşı minlərlə insanın qatıldığı kütləvi yürüşlər keçirib. Hətta Suriyadakı münaqişə dövründə Hələb kimi şəhərlərdə rejim əleyhinə aksiyalar təşkil edən qrup, Avropada – London, Brüssel (NATO və Aİ binaları qarşısında), Kopenhagen və Berlində, eləcə də ABŞ-ın Çikaqo kimi şəhərlərində xarici siyasətə etiraz adı altında öz ideoloji çağırışlarını səsləndirib. Onların strategiyası sadədir: harada geosiyasi gərginlik və ya münaqişə varsa, dərhal orada peydə olub səfirliklər və hökumət binaları qarşısında aksiya keçirməklə öz təbliğatlarını aparmaq.
“Hizb ut-Təhrir” kağız üzərində silahlı mübarizə aparmadığını iddia etsə də, radikal ideologiyanı yaymaqda, terror şəbəkələri üçün ideoloji zəmin hazırlamaqda və dövlətçiliyin dayaqlarını sarsıtmaqda ittiham olunur. Məhz bu səbəbdən Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Mərkəzi Asiya respublikaları və Pakistan da daxil olmaqla, bir sıra ərəb və müsəlman ölkəsində onun fəaliyyəti qadağan edilib. Qeyd edək ki, Almaniya, Böyük Britaniya və Rusiya kimi dövlətlər də bu qruplaşmaya qarşı müxtəlif hüquqi məhdudiyyətlər tətbiq ediblər.
Türkiyədə 1960-cı illərdən bəri fəaliyyət göstərən təşkilat müxtəlif dövrlərdə hüquq-mühafizə orqanlarının təzyiqləri ilə üzləşsə də, bu gün “Köklü Değişim” jurnalı və eyniadlı platforma vasitəsilə leqal fəaliyyət görüntüsü yaratmağa çalışır. Aksiyalarda xarici ölkələri hədəf almaqla yanaşı, Türkiyə hökumətini də “şəriətdən kənara çıxmaqda” və “dünyəvilikdə” ittiham edərək açıq şüarlar səsləndirirlər.
Təşkilatın hazırladığı “Xilafət Konstitusiyası” - bəli, düz oxudunuz, “Xilafət Konstitusiyası” - və digər ideoloji nəşrləri müasir insan hüquqları və dünyəvi dəyərlərlə kəskin ziddiyyət təşkil edir. Bu sənədlərdə dindən çıxanların (mürtədlərin) və dini tənqid edənlərin edam olunması nəzərdə tutulur. Qadın hüquqlarına münasibətdə isə son dərəcə patriarxal və radikal mövqe tutan təşkilat ailədə kişinin mütləq hakimiyyətini müdafiə edir, məişət zorakılığını isə müəyyən hallarda “tərbiyə vasitəsi” kimi əsaslandırır.
Ankaradakı son hadisələr göstərir ki, kökləri Fələstinə dayanan bu şəriətçi şəbəkə regional geosiyasi proseslərdən istifadə edərək Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə və dünyəvi dövlətçilik modelinə kölgə salmağa, öz radikal xilafət gündəmini ictimai rəyə qəbul etdirməyə kökləniblər.

Xırda bir qığılcım yenə fantastik radikal ideallara xidmət edən qrupların ümidinə çevrilib.
Jalə Rövşən