KXDR Rusiya ilə strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
Şimali Koreya Rusiya ilə əməkdaşlığı genişləndirmək və ikitərəfli əlaqələri möhkəmləndirmək niyyətindədir. Bu barədə KXDR xarici işlər nazirinin müavini Kim Çon Gyu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Şimali Koreyalı diplomat qeyd edib ki, Moskva ilə münasibətlərin inkişafı ölkə hökuməti və xalqı üçün dəyişməz prioritet olaraq qalır.
Onun sözlərinə görə, Pxenyan müasir şəraiti və iki ölkə liderləri arasında əldə olunan razılaşmaları nəzərə alaraq Rusiya ilə ənənəvi əlaqələri genişləndirməyi planlaşdırır.
Kim Çon Gyu vurğulayıb ki, tərəflər tarixi əlaqələrə və dostluq ənənələrinə əsaslanaraq strateji əməkdaşlığı gücləndirməyə və ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edəcəklər.
Xatırladaq ki, daha əvvəl KXDR lideri Kim Çen In da Rusiya ilə əlaqələri möhkəmləndirmək niyyətində olduqlarını bildirib. O, mürəkkəb beynəlxalq vəziyyətdə qarşılıqlı etimad və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.