Le Pen: Fransa artıq Ukraynanı maliyyələşdirə bilmir
Fransa Ukraynaya yardımı davam etdirmək üçün kifayət qədər maliyyə imkanlarına malik deyil. Bunu “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bildirib.
TodayPress TV TASS-a istinadən xəbər verir ki, fransalı siyasətçinin sözlərinə görə, dövlət büdcəsinin hazırkı vəziyyətini nəzərə alsaq, Paris Kiyevi sonsuzadək maliyyələşdirə bilməz.
Le Pen hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə maliyyə dəstəyinin dayandırılacağı əvvəlcədən bildirilməlidir. Onun fikrincə, bu, Ukrayna liderində gələcək ödənişlərlə bağlı əsassız gözləntilərin yaranmasının qarşısını almaq üçün vacibdir.
Siyasətçi Fransanın hazırkı büdcə vəziyyətinin ciddi narahatlıq doğurduğunu da vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Ukraynanın “Starlink” peyk rabitə sistemindən ayrılmasını dəstəkləyib. O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.