Türk dərin dövlətindən müdaxilə - Azərbaycanla bağlı hansı mesaj verildi?
MHP lideri Dövlət Baxçalı Türkiyədə hicab məsələsi üzərindən Azərbaycana qarşı yönələn hücumları qınayıb və bunun Azərbaycanın daxili məsələsi olduğunu vurğulayıb.

TodayPress TV xəbər verir ki, politoloq Asif Nərimanlı bu barədə yazıb. O bildirib ki, Türkiyədə Azərbaycanın müdafiəsinə qalxanların əsas hissəsini millətçilər təşkil edib.
Politoloqun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı Türkiyə hökuməti Azərbaycana dəstək vermədiyi halda, millətçilər cəbhədə döyüşüblər. O, Türkiyə ilə Ermənistan arasında “futbol diplomatiyası” və Sürix protokollarına qarşı çıxanların da millətçilər olduğunu xatırladıb.
Asif Nərimanlı qeyd edib ki, Azərbaycanla Türkiyə arasında siyasi elitaların yaxınlaşması xüsusilə 2010-cu ildən sonra sürətlənib. Bu prosesdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) da rolu olub. Sonradan MHP-nin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə eyni siyasi cəbhədə yer alması Bakı-Ankara əlaqələrini daha da gücləndirib.
Politoloq vurğulayıb ki, Türkiyə hakimiyyətində təmsil olunan bəzi dini qrupların Azərbaycana qarşı çıxışları iki ölkə arasındakı münasibətləri pozmaq gücündə deyil. Onun fikrincə, Türkiyə cəmiyyətində millətçi kəsimin, eləcə də sekulyarların Azərbaycana geniş dəstəyi mövcuddur.
A.Nərimanlı əlavə edib ki, MHP-nin hakim “Cümhur İttifaqı”nda və Türkiyə dövlətinin siyasi sistemində mühüm mövqeyə malik olması Azərbaycana həm ictimai, həm də siyasi dəstək deməkdir. O bildirib ki, Dövlət Baxçalının Azərbaycanı müdafiə etməsi də məhz bu mesajı verir.
Kübra Musayeva