Qan şəkərinin qəfil qalxmasının qarşısını alan qidalar
Qidalanma zamanı yalnız qəbul edilən məhsullar deyil, onların hansı qidalarla birlikdə yeyilməsi də qan şəkərinin səviyyəsinə təsir göstərir. Karbohidratlarla zəngin qidaları zülal və lif mənbələri ilə birləşdirmək qlükozanın qana daha yavaş keçməsinə kömək edə bilər.
Bəs qan şəkərinin qəfil yüksəlməsinin qarşısını almaq üçün hansı qidaları birlikdə yemək daha faydalıdır?
1. Çörək və yumurta
Ağ çörək sürətlə həzm olunan karbohidratlarla zəngindir. Onu yumurta ilə birlikdə yemək zülal qəbulunu artırır və daha uzun müddət tox qalmağa kömək edir. Ağ çörək əvəzinə tam taxıllı çörək seçmək, yeməyə pomidor və xiyar əlavə etmək daha faydalıdır.
2. Meyvə və qoz-fındıq
Alma, armud və digər bütöv meyvələri qoz, badam və ya fındıqla birlikdə yemək balanslı qəlyanaltı seçimidir. Çərəzlərdəki sağlam yağlar, zülal və lif qidalanmanın tarazlaşdırılmasına kömək edir. Bununla belə, porsiyanın ölçüsünə diqqət etmək lazımdır.
3. Düyü və tərəvəz
Düyünü brokoli, kələm, bibər və digər tərəvəzlərlə, həmçinin toyuq və ya balıqla birlikdə yemək daha balanslı qidalanmağa imkan verir. Tərəvəzlər lif, ət və balıq isə zülal mənbəyidir. Düyünün porsiyasını nəzarətdə saxlamaq da vacibdir.
4. Kartof və zülal mənbələri
Kartofu yumurta, balıq və ya toyuqla, eləcə də tərəvəzlərlə birlikdə qəbul etmək daha məqsədəuyğundur. Qaynadılmış və ya sobada bişirilmiş kartof qızardılmış kartofa nisbətən daha uyğun seçim ola bilər. Kartofun miqdarı da qan şəkərinə təsir göstərir.
5. Yulaf və şəkərsiz qatıq
Yulaf liflə, qatıq isə zülalla zəngindir. Bu iki məhsulun birləşdirilməsi səhər yeməyi üçün yaxşı seçimdir. Qarışığa təzə giləmeyvə və bir qədər qoz əlavə etmək olar. Şəkərli hazır qarışıqlardan və əlavə şəkərdən istifadəni məhdudlaşdırmaq məsləhətdir.
6. Meyvə və qatıq
Bütöv meyvəni şəkər əlavə edilməmiş qatıqla yemək həm lif, həm də zülal qəbulunu artırır. Məsələn, çiyələk, alma və ya giləmeyvəni qatıqla birləşdirmək olar. Meyvə şirəsi əvəzinə bütöv meyvəyə üstünlük vermək daha faydalıdır, çünki bütöv meyvə daha çox lif saxlayır.
7. Paxlalılar və tərəvəzlər
Mərcimək, noxud və lobya lif və bitki mənşəli zülal mənbəyidir. Bu məhsulları tərəvəzlərlə birlikdə yemək toxluq hissini artırmağa və qan şəkərinin idarə olunmasına kömək edə bilər. Mərcimək şorbası və tərəvəz salatı bu baxımdan uyğun seçimdir.
8. Makaron və tərəvəz
Makaronu tək yemək əvəzinə tərəvəz, toyuq, balıq və ya paxlalılarla birləşdirmək daha balanslıdır. Tam taxıllı makaron daha çox lif ehtiva edə bilər. Porsiyanın ölçüsü və yeməyin ümumi karbohidrat miqdarı da nəzərə alınmalıdır.
Qan şəkərinin yüksəlməsini azaltmaq üçün daha hansı qaydalara əməl edilməlidir?
Qidaları düzgün birləşdirməklə yanaşı, gündəlik vərdişlər də əhəmiyyətlidir.
1. Şəkərli içkiləri məhdudlaşdırın. Şirin qazlı içkilər və şəkər əlavə edilmiş şirələr qan şəkərini sürətlə yüksəldə bilər.
2. Lifli qidaları artırın. Tərəvəzlər, paxlalılar, tam taxıllar və bütöv meyvələrə üstünlük verin.
3. Porsiyalara diqqət edin. Sağlam qidaların həddindən artıq qəbulu da qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.
4. Yeməkdən sonra hərəkət edin. Sağlamlıq vəziyyətiniz imkan verirsə, yeməkdən sonra 10–15 dəqiqə yüngül gəzmək qlükoza səviyyəsinin idarə olunmasına kömək edə bilər.
5. Karbohidratları tamamilə rasiondan çıxarmayın. Əsas məqsəd onların miqdarını və növünü düzgün seçərək balanslı qidalanmaqdır.
Qan şəkərinin qəfil yüksəlməsinin qarşısını almaq üçün karbohidratlarla zəngin qidaları zülal və lif mənbələri ilə birləşdirmək, porsiyalara diqqət etmək və fiziki aktivliyi artırmaq faydalıdır. Lakin bu üsullar qan şəkərinin yüksəlməsini hər kəsdə tamamilə önləmir.
Diabeti olan şəxslər qidalanma rejimini həkim və ya dietoloqla uyğunlaşdırmalıdırlar. Qida kombinasiyaları təyin olunmuş dərmanları əvəz etmir.
Kübra Musayeva