Bu ölkədə həftədə 5 saat işləyənlərə pulsuz yaşayış təklif olunur
Çilidə ekoloji turizm məkanı könüllülər axtarır. Proqrama qoşulanlara pulsuz yaşayış, gündəlik nahar və müxtəlif ekskursiyalar təklif edilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Canal26” məlumat yayıb.
Los-Laqos bölgəsində, Maulin şəhəri yaxınlığında yerləşən eko-loj könüllüləri Worldpackers platforması vasitəsilə qəbul edir. Paola adlı məkan sahibi bu xidmət üzərindən ilk dəfə könüllülərlə əməkdaşlıq edəcək.
Proqram iştirakçılarına meşəlik ərazidə yerləşən taxta evlərdə qalmaq, mətbəx və internetdən istifadə etmək imkanı yaradılır. Həmçinin ətraf ərazilərə pulsuz ekskursiyalar təşkil olunur və hava limanından transfer xidməti göstərilir.
Bunun müqabilində könüllülər ərazidə müxtəlif işlər görməlidirlər. Mövsümdən asılı olaraq moruq yığımı, alaq otlarının təmizlənməsi, bitkilərin əkilməsi, bağçılıq, cığırların salınması, rəngləmə və xırda təmir işləri onların öhdəsinə düşür. İştirakçılar təbii materiallardan və təkrar emal edilmiş şüşə butulkalardan ev tikintisinə də qoşula bilərlər.
Elana əsasən, könüllülər həftədə cəmi 5 saat işləməlidirlər. İş qrafiki əvvəlcədən məkan sahibi ilə razılaşdırılmalıdır. Onlara həftədə iki istirahət günü də verilir.
Proqramda iştirak üçün minimum qalma müddəti bir həftədir. Könüllülərin oktyabrdan mart ayına qədər qəbul edilməsi planlaşdırılır. İştirakçılar ayrıca otaq, ümumi yataq otağı və ya qrup üçün nəzərdə tutulan otaq seçə bilərlər.
Proqrama 20-60 yaş arası şəxslər müraciət edə bilərlər. Bunun üçün ingilis dilini orta, yaxud ispan dilini baza səviyyəsində bilmək tələb olunur. Müraciət edənlər ekoloji tikinti sahəsində təcrübəyə malik olsalar, bu, üstünlük sayılır. Lakin əvvəlcədən təcrübə tələb olunmur.
Bununla belə, bütün xərclər qarşılanmır. İştirakçılar aviabiletləri, səyahət sığortasını, Çili daxilində nəqliyyat xərclərini və mümkün viza rüsumlarını özləri ödəməlidirlər.
Proqrama qoşulmaq istəyənlər Worldpackers platformasında qeydiyyatdan keçməli, şəxsi profillərini doldurmalı və Maulin şəhərindəki Eco Lodge Maullín təklifinə müraciət etməlidirlər. Daha sonra səfərin tarixləri və qalma şərtləri məkan sahibi ilə razılaşdırılır.
Kübra Musayeva